Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen ünvanlı İnternet resursunda, müəyyən inkişaf nəzərə çarpır. Çünki öncəki monitoringlər zamanı bir çox qüsurları ilə diqqət çəkən sayt bu dəfə daha səliqəli və sistemli olması ilə seçilir. Hiss edilir ki, sayt yenidən işlənib. Bununla belə qüsurlar yenə də qalmaqdadır və ümid etmək olar ki, inzibatçılar bizim monitoringin nəticələrindən hərəkətə keçəcəklər. Beləliklə, xarici siyasət idarəmizin saytında gördüklərimiz:
1. Qurumla bağlı informasiya bloku yetərincə zəngin və dolğundur. Yalnız nazirliyin tarixi haqqında bilgi nəzərə çarpmır.
2. Ziyarətçilərin qurumla əks əlaqəsi üçün yetərincə imkanlar var. Təbii ki, söhbər ümumi əlaqədən gedir. Ancaq ayrı-ayrı struktur bölmələri və vəzifəli şəxslərlə əlaqə imkanları göstərilmir.
3. Qurumun ünvanının sxemi və ictimai nəqliyyat imkanları da təklif edilmir.
4. Struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələri barədə bilgi verilmir.
5. Nazir və müavinlərinin biografiyaları verilsə də ayrı-ayrı struktur bölmələri rəhbərləri haqqında bunu demək olmaz.
6. Nazirliyin cari fəaliyyəti barədə yetərincə bilgi var. Ancaq qurumdaxili əmr və sərəncamlar nəzərə çarpmır.
7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun sahəyə aid hissəsi barədə heç bir bilgi verilmir.
8. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər və pullu xidmətlər barədə ayrıntılı bilgi yoxdur.
9. İşə qəbulla bağlı yetərincə bilgi olsa da qurum daxilində ixtisas dəyişmə imkanları barədə bir şey deyilmir.
10. Sahə işçilərinin əmək haqları barədə bilgi almaq istəyən ziyarətçilər saytdan əliboş qayıtmalı olurlar.
11. Vətəndaşların qəbulu ilə bağlı bilgiləri daha ayrıntılı bir şəkildə təqdim etməyə zərurət var.
12. Tender və müsabiqələr haqqında bir kəlmə olsun informasiya verilmir.
13. Eyni sözü qurumun qanunyaratma fəaliyyəti ilə bağlı da demək olar.
14. Saytın texniki imkanları pis olmasa da orada abunə xidmətinin nəzərdə tutulmaması çatışmazlıq kimi dəyərləndirilə bilər.