Monitoringin nəticələri ilə bağlı icmalda da qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen ünvanlı İnternet resursu əvvəlki illərə nisbətən bir xeyli yaxşılaşdırılıb. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq tələbatlara cavab verəcək haldadır. Bir sıra bilgilər yetərincə dolğun olsa da saytda çatışmayan cəhətlər də az deyil. Bunu nəzərə alaraq saytın işinin təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi qeyd edirik:
1. Qurumla bağlı informasiya blokunda nazirliyin tarixi haqqında ayrıca bilgi verilməsi məqsədəuyğun olardı.
2. Ziyarətçilərin əks əlaqə imkanlarını genişləndirmək üçün qurumun ünvanının sxemi və ictimai nəqliyyat imkanları barədə də bilgi verilməsi zəruridir.
3. Ayrı-ayrı struktur bölmələrinin telefon, faks nömrələri və ünvanları barədə bilgilər tələb olunanlar sırasındadır.
4. Struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgi vermək işin xeyrinə olardı.
5. Struktur bölmələri rəhbərləri haqqında biografik bilgiləri sayta yerləşdirmək zəruridir.
6. Nazirliyin cari fəaliyyəti barədə bilgilər yetərli olsa da orada qurumdaxili əmr və sərəncamlar nəzərə çarpmır.
7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun sahəyə aid ayrıntılarının saytda yerləşdirilməsi tələb olunandır.
8. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər və onların qiymətləri barədə bilgi verməyə gərək vardır.
9. Sahə işçilərinin əmək haqları barədə də bilgi verilməsi zəruridir.
10. Vətəndaşların qəbul qaydaları və şərtləri ilə bağlı daha ayrıntılı bilgilərin yerləşdirilməsinə ehtiyac var.
11. Tender və müsabiqələr barədə bilgilərin saytda yerləşdirilməsi işin faydasına olardı.
12. Nazirliyin norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də tələb olunan informasiyalar sırasındadır.
13. Saytın texniki imkanları zəif olmasa da abunə təklifinin yoxluğu qüsur sayıla bilər.