Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi, bir xeyli zəngin sayıla bilər. Burada xüsusən də qurumun büdcəsinin yer alması təqdirəlayiqdir. Bununla belə saytda bir sıra çatışmazlıqlar da var ki, onların aradan qaldırılması ilə bağlı aşağıda bəzi tövsiyələrimizi qeyd edirik:
1. Qurumun əvvəlki rəhbərləri barədə də bilgi verilməsi məqsədəuyğundur.
2. Ziyarətçilərin qurumla əks əlaqəsi üçün onun marşrut və sxemi, həmçinin ictimai nəqliyyat vasitələri barədə bilgi verilməsi zəruridir.
3. Qurumun struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında da ayrıca bilgiyə gərək var.
4. Struktur bölmələri rəhbərlərinin biografik bilgilərini də sayta yerləşdirmək faydalı olardı.
5. Qurumdaxili əmr və sərəncamlar üçün ayrıca reyestr tutulması işin xeyrinə olardı.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsinə ehtiyac var. Eyni zamanda burada qurumun öz büdcəsinin icra durumu
haqqında bilgilərə yer verilməsi vacibdir.
7. Fond tərəfindən təklif edilən xidmətlər barədə daha ayrıntılı bilgi verilməsi zəruridir.
8. İşə qəbul qaydaları və boş iş yerləri barədə də bilgi verilməsi olduqca vacibdir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməsi işin xeyrinə olardı.
10. Vətəndaşların qəbul qaydaları və qəbuldan imtinanın əsasları barədə də bilgi vermək zəruridir.
11. Tender və müsabiqələr haqqında bilginin olmaması saytın ciddi qüsurları sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgi verilməsinə gərək var.
13. Saytın texniki imkanları zəif olmasa da burada abunə imkanının yoxluğu, əlbəttə ki, ciddi qüsurdur.