Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen ünvanlı İnternet resursu, təəssüfləndirici haldır ki, elə də dolğun sayıla bilməz. Düzdür, burada lisenziyalaşdırma kimi çox vacib məsələ barədə yetərincə informasiya var, ancaq digər və heç də az vacib olmayan bilgilər ümumiyyətlə gözə dəymir. Bu baxımdan sayt ciddi şəkildə təkmilləşdirilməli və onun üzərində tamamlama işləri aparılmalıdır. Ümumilikdə isə saytda aşağıdakı mənzərəni müşahidə etmək olar:
1. Qurumun özü haqqında bilgilər yetərli sayıla bilər. Ancaq burada quruma daha öncə başçılıq etmiş şəxslər haqqında bilgi yoxdur.
2. Ziyarətçilərin əks əlaqəsi üçün bir sıra imkanlar təklif edilir. Bununla belə qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat imkanları haqqında bilgi yoxdur.
3. Qurumun strukturunun sxemi gözə dəymir. Eləcə də struktur bölmələrinin tam ünvanları və səlahiyyət çərçivələri haqqında bilgi yoxdur.
4. Rəhbər işçilərin biografiayaları tam deyil. Eyni zamanda struktur bölmələri rəhbərləri haqqında biografik bilgilər verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər var. Burada çatışmayan qurumdaxili əmr və sərəncamlar, onların reyestridir.
6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları haqqında heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də yetərli deyil.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgi gözə dəymir.
10. Vətəndaşların qəbul qaydaları, qəbuldan imtinanın əsasları və mübahisələrin həlli qaydaları barədə heç nə deyilmir.
11. Tender və müsabiqələr barədə hər hansı bilgi təklif edilmir.
12. Eyni hal qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı bölmədə də müşahidə edilir.
13. Saytın texniki imkanları zəif deyil. Burada yalnız abunə imkanı təklif edilmir.