Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi özü yeni bir qurum olması baxımından, həm də torpaqları işğal altında olan ölkəyə məxsusluğu üzündən diqqət çəkə bilən bir dövlət orqanıdır. Bu baxımdan ona məxsus www.mdi.gov.az domen ünvanlı İnternet resursunun da diqqət çəkə biləcəyini düşünə bilərik. Nazirliyin saytı, təəssüflər olsun ki, elə də yüksək dolğunluğu ilə seçilmir. Yəni sayt yarımçıqdan da aşağı həddədir deyə bilərik. Beləliklə, saytda gördüklərimiz:
1. Qurumun özü haqqında bilgiləri tam və dolğun saya bilərik.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan və telefon vasitələri göstərilib. Ancaq ünvanın marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun strukturunun sxemi nəzərə çarpmır. Yalnız onun tabeliyində olan müəssisələr barədə bilgi verilir.
4. Qurumun rəhbərlərindən yalnız nazirin özü haqda
biografik bilgilər verilib. Yerdə qalan rəhbər şəxslər barədə bu bilgilər yoxdur.
5. Əks əlaqə üçün də daha ayrıntılı bilgilər gözə dəymir. Burada yalnız ümumi xarakterli əlaqə vasitələri göstərilib.
6. Qurumun cari fəaliyyəti yaxşı işıqlandırılır. Bununla belə qurumdaxili əmr və sərəncamlar saytda əks olunmur. Qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilmir.
7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları saytda əks olunmayıb.
8. Qurumun təklif etdiyi xidmətlər barədə də bilgi verilməyib.
9. İşə qəbul qaydaları və boş iş yerləri barədə saytda bilgi yoxdur.
10. Sahə işçilərinin əmək haqları da əhatə olunmamış məsələlər sırasındadır.
11. Vətəndaşların qəbul günləri və saatları verilsə də qəbul qaydaları, bu sahədə ortaya çıxacaq mübahisələrin həlli yolları barədə bilgi yoxdur.
12. Qurumun keçirdiyi tender və müsabiqələr barədə heç bir bilgi verilmir.
13. Nazirliyin norma- (qanun)yaratma fəaliyyəti saytda əks olunmur.
14. Saytın texniki imkanları normal olsa da burada onlayn yazışma forması və abunə təklifi yoxdur.