Lukoyl Neft Şirkətinin Azərbaycanla bağlı İnternet saytı deyəsən 2003-cü ildə necə qurulubsa elə olduğu kimi də qalır (texnoloji baxımdan). Sayt yalnız rus dilindədir ki, bu da Azərbaycanlı ziyarətçilərin faktiki olaraq ondan istifadəsini mümkünsüz edir. İnformasiya kasadlığının aydın göründüyü saytda yalnız Lukoylun qurduğu başqa şirkətlər haqqında məlumatlar yer alıb. Bu məlumatlar da yetərincə dolğun sayıla bilməz. Üstəlik onların köhnəldiyini də bura əlavə etmək lazımdır. Saytda aşağıdakı bölmələr yer alıb:
• Lukoyl Azərbaycan QTSC: yanacaqdoldurma məntəqələri, mərkəzi ofisin şəkilləri, yeni neft bazasının açılışı, mühərrik yağları
• Lukoyl Oversiz Servis Ltd: bir neçə layihədə Lukoylun iştirakı haqqında
• Lukoyl İnform QSC: Lukoyl İnform haqqında qısa bilgi
• Azevrotel BM: Azevrotel BM haqqında qısa bilgi
• Atəşgah SŞ: Atəşgah Sığorta Şirkəti haqqında
• Luk-İnter-Kard: Luk-İnter-Kardın bank fəaliyyətlərı haqqında
• Lukoyl Beynəlxalq İctimai Xeyriyyə Fondu: fondun Azərbaycanda gördüyü işlər haqqında
Göründüyü kimi Lukoyl Azərbaycanın İnternet saytı demək olar ki, heç bir standart çərçivəsinə sığmır. Hətta deyərdim ki, belə bir nəhəng şirkətinin bu cür sayta sahib olması onun üçün elə də yaxşı amil sayıla bilməz. Ən qəribəsi isə odur ki, saytda əlaqə üçün nə telefon, nə də bir ünvan verilib. Yalnız mühərrik yağlarının satışı ilə bağlı bir telefon nömrəsi gözə dəyir. Bundan başqa bəzi açılış mərasimlərindən çəkilmiş video-kadrlar da saytda yerləşdirilib.