Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin www.migration.gov.az domen ünvanlı İnternet resursu, icmaldan da göründüyü kimi bəzi məsələlərlə bağlı yaxşı vəziyyətdədir. Ancaq bir sıra məqamlar saytda ümumiyyətlə əks olunmur, yaxud da zəif əks olunur. Ümumi fikir isə bundan ibarətdir ki, saytın təkmilləşdirilmə imkanları yetərincədir. Ona görə də aşağıda təkmilləşdirmə ilə bağlı bəzi tövsiyələrimizi təqdim etmək istərdik:
1. Qurumun özü ilə bağlı informasiya bölməsində rəhbər işçilərin hamısı haqqında biografik bilgilərin verilməsi zəruridir.
2. Ziyarətçilərin əks əlaqəsini daha da yaxşılaşdırmaq üçün ayrı-ayrı xidmət və altbölümlərin telefon və faks nömrələrini tam şəkildə təqdim etmək işin xeyrinə olardı.
3. Daha bir faydalı iş quruma gəlmək üçün ictimai nəqliyyat imkanları barədə bilgi verilməsidir.
4. Yaxşı olardı ki, struktur bölmələrinin rəhbərləri haqqında biografik bilgilər saytda əks olunsun.
5. Eyni zamanda struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri əhatə edilərsə işin faydasına olardı.
6. Qurumun cari fəaliyyəti bölməsində qurumdaxili əmr və sərəncamlar və onların reyestrini vermək məqsədəuyğundur.
7. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları da burada əks olunmayıb.
8. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında da bilgi verilməsi məqsədəuyğundur.
9. İşə qəbul qaydaları və boş iş yerləri ilə bağlı bilgi verilməsi də işin xeyrinə olardı.
10. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərin verilməsi zəruridir.
11. Vətəndaşların qəbulundan imtinanın əsasları və bu sahədə ortaya çıxan mübahisələrin həlli qaydaları saytda əks olunarsa, faydalıdır.
12. Şəffaflığın təmin edilməsi baxımından tender və yarışmalar haqqında bilgi vermək çox gərəklidir.
13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmalıdır.
14. Texniki imkanlar sırasına abunə də əlavə edilərsə, ziyarətçilər üçün çox faydalı olar.