Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet resursu deyəsən hələ də yerində sayır. Belə ki, son monitorinqlərdən sonra saytda faktiki olaraq elə də nəzərə çarpan yenilik yoxdur. Həm də mövcud texniki imkanlar bir neçə il bundan öncə olduğu kimi qalır. Sayta ən adi abunə və onlayn müraciət formaları belə əlavə edilməyib. Bununla belə resursda bir sıra faydalı bilgilər də yer alıb. Əlbəttə ki, bu bilgilərin həcm etibarilə daha çox olması hələ də arzu olaraq qalır. Aşağıda bölmələr üzrə saytın informasiya yükü haqqında bilgi veriləcək.
1. Qurum haqqında bilgilər yetərli deyil. Misal üçün, nazirliyin tarixi haqqında çox qısa (bir neçə cümləlik) məlumat verilir. Həmçinin quruma rəhbərlik etmiş şəxslər barədə də məlumatlar çox kasaddır. Hətta bir zamanların maliyyə nazirlərinin yalnız soyadı və ya soyadının baş hərfi yazılır, halbuki onlar haqqında ən zəruri bioqrafik məlumatların da göstərilməsi mümkündür.
2. Ziyarətçilərin əks əlaqəsi üçün e-poçt ünvanı, telefon və faks nömrələri, yer ünvanı təqdim edilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumat verilmir.
3. Qurumun strukturu haqqında sözlü olaraq məlumatlar verilib. Ancaq struktur bölmələrinin yerləşdiyi ünvan və onların səlahiyyət çərçivələri haqqında ayrıca məlumat yoxdur.
4. Rəhbər və onun müavinləri haqqında yetərli bioqrafik məlumatlar və əks əlaqə üçün e-poçt ünvanları və telefon nömrələri təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında məlumatlar çox çevik sayılmasa da təqdim edilir. Ümumiyyətlə isə qurum haqqında hər cür gərəkli başqa informasiyalar saytda yer alıb.
6. Ümumi dövlət büdcəsi ilə bağlı bölmə faktiki boşdur. Düzdür, ziyarətçilər saytda Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında ayrıntılı məlumat tapa bilərlər. Ancaq bu o demək deyil ki, qurumun bu sahəylə bağlı məlumatları saytda yer alıb. Dövlət büdcəsinin burada əks edilməsi qurumun səlahiyyətinə daxil olduğu üçündür.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında ətraflı məlumat verilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir informasiya verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı bölmə də təəssüflər olsun ki, boşdur.
10. Vətəndaşların qəbul qaydaları, qəbul vaxtları haqqında heç bir məlumat yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qaydalar yer almasa da onların elanları və elanlar arxivi saytda yerləşdirilib.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgilər saytda öz əksini tapmayıb.
13. Saytın texniki imkanları normal olsa da abunə və onlayn müraciət formaları təklif edilmir.