Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen adlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi özünün funksionallığı və görünüşü ilə yaxşı təsir bağışlayır. Həm də xeyli gərəkli bilgiləri daşıması səbəbindən sayt müsbət dəyərləndirilə bilər. Ancaq əlbəttə ki, bu saytda da bir sıra çatışmazlıqlar var ki, onların aradan qaldırılması ilə bağlı aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurumun özü haqqında bilgilər sırasına ona indiki rəhbərə qədər başçılıq etmiş şəxslər haqqında informasiyaların da əlavə edilməsi gərəklidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi verilməsi yaxşı olardı.
3. Qurumun strukturunun sxemini də təqdim etmək lazımdır. Həm də struktur bölmələri ilə birbaşa əlaqə vasitələrinin göstərilməsi və onların səlahiyyət çərçivələri haqqında bilgilərin verilməsi faydalı olardı.
4. Yaxşı olardı ki, qurumun rəhbərinin müavinləri haqqında bilgilər saytda əks etdirilsin. Həmçinin rəhbər işçilərlə birbaşa əlaqə vasitələrinin göstərilməsinə ehtiyac duyulur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara qurumdaxili əmr və sərəncamlar, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr haqqında da bilgilərin əlavə edilməsi yaxşı olardı.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlərə əlavə pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgilərin əlavə edilməsi yaxşı olardı.
8. Boş iş yerləri və işə qəbulla bağlı isə qurumda işə qəbul qaydaları, mümkün komissiyalar, işə qəbulun sonucları, işə qəbulla bağlı mübahisələrin həlli yolları haqqında da bilgi verilməlidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Yaxşı olardı ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edilsin.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
12. Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də demək olar.
13. Saytın texniki imkanları yetərli sayılsa da burada abunə və əks əlaqə üçün onlayn formanın (təhlükəli məhsulla bağlı müraciət forması xaric) da təklif olunması gərəklidir.