Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet resursu özünün çevikliyi, funksionallığı və texniki imkanlarına görə yaxşı tərtib edilib. Saytda quruma aid olan çox gərəkli bilgilər toplanıb. Həm də onlardan istifadə rahatlığı təmin edilib. Saytın üzərindən yazışma forması, abunə imkanı da təklif edilir. Bu saytın diqqət çəkən məqamlarından biri də burada dövlət büdcəsi və onun quruma aid hissəsi haqqında bilgi verilməsidir. Lakin bununla belə rahatsızlıq doğuran bir məqam vətəndaşların qəbulu ilə bağlı heç bir bilginin olmamasıdır. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür.
1. Qurum haqqında bilgilər demək olar ki, tam və dolğundur. Burada çatışmayan yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgidir. Qurumun tarixi, qanunverici əsasları, səlahiyyətləri barədə bilgilər isə ətraflı şəkildə təqdim edilir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, həmçinin e-poçt və onlayn müraciət forması təqdim edilir. Lakin qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.
3. Qurumun strukturu sxem şəklində təqdim edilir. Ancaq bu bölmədə gərəkli bilgilər yer almayıb.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yetərli sayıla biləcək qədərdir. Lakin struktur bölmələrinin rəhbərləri barədə bu cür bilgilər yoxdur. Əks əlaqə imkanları da ümumi olaraq normadadır. Ancaq struktur bölmələri ilə birbaşa əlaqə imkanları haqqında bunu demək olmaz.
5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğundur. Burada qurumdaxili əmr və sərəncamlar bölməsinə aid edilə biləcək bilgilər olmasa da qurumun icra etdiyi proqram və layihələr barədə bilgi verilir.
6. Ümumi dövlət büdcəsi barədə və büdcənin quruma aid hissəsinin xırdalıqları haqda bilgi verilir. Büdcənin icra durumu, ona edilən dəyişikliklər barədə isə heç bir bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə heç bir informasiya təqdim edilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərdən işə qəbul qaydaları, işə qəbul haqqında elanlar və onların arxivi haqda informasiyalar təqdim edilir. Ancaq işə qəbulun sonucları, qurum daxilində ixtisasdəyişmə imkanları barədə bilgi yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgi əldə etmək mümkün deyil.
10. növbəti boş bölmə vətəndaşların qəbulu şərtləri və qəbul günləri (saatları) haqqındadır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar olsa da onların nəticələri haqqında bilgi verilmir.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları yetərincə yüksək dəyərləndirilə bilər. Burada abunə və onlayn yazışma forması da təklif edilir.