Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı İnternet resursu əvvəlki müşahidələrimizə əsaslansaq deyə bilərik ki, xeyli dəyişikliyə məruz qalıb. Sayt daha çevik və daha dolğun hala gətirilib. Burada xeyli gərəkli informasiya toplanıb ki, bu da Ombudsmanın xidmətlərinə gərək duyanlar üçün çox yararlıdır. Bununla belə saytda bir sıra bölmələr üzrə heç bir bilginin verilməməsi də nəzərdən qaçmır. Belə ki, xüsusən də şəffaflıq baxımından gərəkli olan işə qəbul, əmək haqları, büdcə bilgiləri yoxdur. Ümumilikdə isə sayt aşağıdakı kimidir.
1. Qurum haqqında bilgilər tam və dolğun hesab edilə bilər. Çünki burada onun rəhbərinin bioqrafiyasından tutmuş səlahiyyət çərçivəsi və qanunverici bazasına qədər hər şey haqqında bilgi verilir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı təqdim edilir. Əlavə olaraq onlayn müraciət forması da var. Ancaq ünvanın marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun struktur vahidləri haqqında sözlü olaraq bilgi verilir. Ancaq strukturun sxemi təqdim edilmir. Üstəlik struktur vahidlərinin rəhbərləri, onların ünvanları və əlaqə vasitələri barədə də bilgilər öz əksini tapmayıb.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər baxımından yalnız müvəkkilin özü barədə bilgi var. Başqa heç bir işçi haqqında bu cür bilgilər yoxdur. Əks əlaqəyə gəlincə, burada da durum çox ürəkaçan sayıla bilməz. Çünki yalnız ümumi əlaqə vasitələri təklif edilir.
5. Cari informasiyalar məsələsində sayt bir qədər çevikdir. Ancaq bununla belə qurumun icra etdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgi verilmir.
6. Təəssüf ki, dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurumun təklif etdiyi xidmətlər barədə bilgilər verilir. Onlardan istifadə üsulları da ayrıca təqdim edilir. Ancaq qurumun təqdim etdiyi pullu xidmətlər və onların qiymətlərinin formalaşması, həmçinin onlardan istifadə yolları barədə bilgi verilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.
9. Sahə işçilərinin əmək haqları bölməsi isə boşdur.
10. Vətəndaşların qəbul qaydaları, qəbul günləri və saatları barədə bilgilərə də eyni sözləri şamil etmək olar.
11. Növbəti boş bölmə tender və yarışmalar haqqındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da heç bir bilgi verilmir.
13. Saytın texniki imkanları normaldır. Burada onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.