Bərdə Bələdiyyəsinin www.berde.belediyye.az domen adlı İnternet saytı, icmal hissədən də göründüyü kimi, qurulub unudulduğundan onunla bağlı qəti fikir söyləmək bir az çətindir. Ancaq buna baxmayaraq demək olar ki, saytın texniki imkanları onun sadəcə bilgi tərkibinin zənginləşdirilməsi üçün yetərlidir. Yəni bu sayta sadəcə bilgi əlavə etməklə onu gərəkli səviyyəyə yüksəltmək olar. Bu baxımdan aşağıda Bərdə Bələdiyyəsinin İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Qurum haqqında bilgilər bölməsində ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi verilməlidir.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaqdan ötrü quruma getmək üçün marşrut və sxem, həm də ictimai nəqliyyat barədə bilgi verilməsi yaxşı olardı.
3. Qurumun strukturunun sxemini də təqdim etmək vacibdir. Həm də struktur vahidlərinin səlahiyyət çərçivələri və ünvanları barədə bilgi verilməsi gərəklidir.
4. Struktur vahidləri ilə əlaqə imkanlarının da ayrıca təqdim edilməsinə ehtiyac duyulur.
5. Sayta cari sayıla biləcək bilgilərin əlavə edilməsi lazımlıdır.
6. Yaxşı olardı ki, qurumun büdcəsinin ayrıntıları və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyaların da saytda əks etdirilməsi yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında da eyni sözləri demək olar.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqında bilgilər təqdim olunması gərəkli informasiyalardandır.
11. Tender və yarışmalar haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.
13. Saytın texniki imkanları sırasına abunə forması da əlavə edilməlidir.