Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir çox bölmələr üzrə bilgilər açısından yetərincə yüksək səviyyədə tərtib edilib. Özəlliklə də e-xidmətlər və sahəyə aid gərəkli bilgilərin zənginliyi diqqəti çəkir. Daha bir diqqətçəkən məqam isə saytdan istifadə rahatlığıdır. Ümumi mənzərə bundan ibarətdir ki, bu sayt bəzi bilgilərin çatışmazlığına baxmayaraq yaxşı durumdadır. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq tələbata uyğun şəkildə tərtib edilib. Yəni saytın təkmilləşdirilməsinə hələ də gərək var. Ona görə aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar tam və dolğun olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilən imkanlar sırasına qurumun ünvanının marşrut və sxeminin, həmçinin ora gedən ictimai nəqliyyat barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu haqqında bilgilər də tam olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər və rəhbər işçilər və onlarla əks əlaqə haqqında təqdim olunmuş bilgilərin tərkibinə struktur bölmələri rəhbərlərinin bioqrafiyalarının da əlavə edilməsi yaxşı olardı.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalara isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin daxil edilməsi gərəklidir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər isə təqdim olunması gərəkli olan informasiyalardandır.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar da tam sayıla biləcək həddədir və əlavə heç bir tövsiyəyə gərək yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasına isə işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər əks etdirilsin.
10. Həmçinin yaxşı olardı ki, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təqdim edilmiş bilgilər sırasına dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əlavə olunsun.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər təqdim edilməsi vacib olan bilgilərdəndir.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin saytda yer alması faydalı olardı.
13. Sayt texniki baxımdan yetərincə qənaətbəxş olduğundan əlavə şərhə ehtiyac duyulmur.