Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra göstəricilər baxımından yetərincə yaxşı tərtib edilib. Bununla belə saytda çatışmazlıqlar da az deyil. Yəni bəzi bölmələr üzrə heç bir bilginin verilməməsi dərhal diqqəti çəkir. Üstəlik, əks əlaqənin asanlaşdırılması üçün gərək olan bəzi bilgilərin çatışmadığı da diqqətdən qaçmır. Abunə imkanının təklif edilməməsi, dövlət büdcəsi ilə bağlı ayrıca bilgi verilməməsi də çatışmazlıqlar sırasındadır. Əlbəttə ki, bu çatışmazlıqlar heç də saytın tam şəkildə aşağı qiymət almasına səbəb olmur. Saytda bəzi bölmələr üzrə dolğun bilgi verilməsi onun imkanlarının yetərincə olmasından xəbər verir. Elə buna görə də bu resursun təkmilləşdirilmə imkanlarının olduğunu nəzərə alaraq aşağıda bu istiqamətdə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyaların tam və dolğun şəkildə olması tövsiyyə söyləməyin gərəksiz olduğunu göstərir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat vasitələri haqqında bilgilərin verilməsi zəruridir.
3. Qurumun strukturu haqqındakı bilgilərə qurumun strukturunun ümumi sxeminin də əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı bilgilər sırasına mümkün struktur bölmələri rəhbərlərinin bioqrafiyalarını əlavə etməkgərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalardan təqdim edilməsi gərəkli olan bilgilər qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr haqqındadır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qaynar xətt, xidmətlərdən istifadə qaydaları və e-formada təklif edilən xidmətlər barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasına da işə qəbulla bağlı mümkün komissiyalar barədə bilgilərin əlavə edilməsi faydalı olardı.
9. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilən bilgilərin zənginləşdirilməsinə ehtiyac duyulur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin də əks etdirilməsinə ehtiyac var.
12. Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da demək mümkündür.
13. Saytın texniki imkanları baxımından tam ekran rejimini məhdud rejimə dəyişmək yaxşı olardı. Həm də abunə təklifinə gərək var.