Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı, belə demək mümkünsə, elə də ciddi bir resurs təsiri bağışlamır. Bir sıra bölmələr üzrə heç bir bilginin olmaması bir yana, olan bilgilər də yetərli sayıla bilməz. Üstəlik saytın texniki imkanları da ürəkaçan deyil. Düzdür, ayrıca bölmədə e-xidmətlər təqdim edilir. Ancaq bu heç də o demək deyil ki, saytın imkanları yüksək dəyərləndirilə bilər. Ən adi bilgilərin olmaması dərhal nəzərə çarpır. Adi mətbuat üçün açıqlamalar və ya xəbərlərin belə peşəkarlıqdan uzaq təqdim edilməsini xüsusi qeyd etmək lazımdır. Örnək üçün, saytdakı xəbərlərin hansı tarixə aid olduğunu müəyyən edə bilmədik. Ümumiyyətlə isə, saytdakı durum aşağıdakı kimidir:
1. Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun əsasnaməsi təqdim edilsə də qurumun indiki rəhbəri və quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilər verilmir. İndiki rəhbərin ancaq adı təqdim edilir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları təqdim edildiyi halda qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqındakı bilgilərdən heç bir əlamət yoxdur.
3. Qurumun strukturu haqqında qurumun alt bölmələri, regional strukturu və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər saytda yer almışdır. Qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər isə təqdim edilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan yaxşı olsa da heç bir rəhbər işçi haqqında bioqrafik bilgi verilmir.
5. Qurumun cari fəaliyyəti barədə təqdim edilmiş mətbuat üçün açıqlamalar tam sayıla bilməz. Həmçinin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə heç bir bilgiyə rast gəlinmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də bilgilər təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər verilsədə xidmətlərdən istifadə qaydaları barədə bilgilər yetərli sayıla bilməz. Bununla yanaşı qurum tərəfindən təklif olunan əlavə xidmətlər və qaynar xətt barədə bilgi yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilməsi gərəkli olan bilgilərdən (dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi) heç birinə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə təqdim edilən bilgilər tamdır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında heç bir bilgi veriməsə də qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə heç bir bilgi saytda yer almır.
12. Təqdim edilməyən növbəti bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bilgilərdir.
13. Saytın texniki imkanları heç də gərəkli səviyyədə sayıla bilməz, həmçinin abunə imkanı isə yerli-dibli yoxdur.