Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti www.qazax-ih.gov.az domen adlı İnternet resursunda çatışmazlıqlar çoxdur. Yəni sayta nəzarəti gücləndirmək və gərəkli informasiyaları təqdim etmək lazımdır. Sayt üzərində biraz iş aparmaqla yararlı bir resursa çevirmək olar. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Rayon haqqındakı bilgilər ətraflı şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir. Ancaq qurum haqqında quruma daha öncə başçılıq etmiş şəxslər barədə və icra aparatı haqqında bilgilərin təqdim edilməsi isə tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından gərəkli olan qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin saytda yer alması yaxşı olardı.
3. Yaxşı olardı ki, qurumun strukturu barədə təqdim edilmiş informasiyalarla yanaşı struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatlar da əks etdirilsin.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilərin təqdim edilməsi zəruridir.
5. Qurumun cari fəaliyyəti haqqında sayda normal bir informasiya olmadığından cari informasiyalara nəzarəti gücləndirmək və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər haqqında bilgiləri əks etdirmək tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də saytda yer alması gərəklidir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.
9. Ən azından qurumun rəhbərliyinə daxil olan şəxslərin əmək haqları barədə bilgilərin təqdim edilməsi gərəklidir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə həm təqdim edilmiş bilginin tam hala gətirilməsi həm də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin sayta yerləşdirilməsi lazımlıdır.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının da yaxşılaşdırılması və burada həm onlayn müraciət formasının, həm də abunə imkanının təqdim edilməsi tövsiyə olunur.