Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti www.qazax-ih.gov.az domen adlı İnternet resursu da digər qurumların resursları kimi sıradan, heç birşeylə fərqlənməyən bir resursdur. Yəni burada da rayon və qurum haqqında bəzi bilgilər təqdim edilsə də informasiya açıqlığı üçün gərəkli olan bilgilər yoxdur. Unudulmuş bilgilərlə yanaşı həmçinin cari informasiyalar, mətbuat üçün açıqlamalar da çox kassadır. Beləliklə, saytda gördüklərimiz aşağıdakılardan ibarətdir:
1. Rayon haqqında bütün bilgilər tam şəkildə təqdim edilir. Bu bilgilər sayəsində sayta daxil olmuş şəxslərdə rayon barədə təəssüratlar yaranır. Ancaq təəssüflər olsun ki, qurum haqqında təqdim edilmiş 2-3 cümləlik rəhbərin bioqrafiyası heç bir təəssürat oyada bilmir. Lakin sevindirici haldır ki, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu saytda yer almışdır. Burada çatışmayan quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər və icra aparatı haqqında bilgilərdir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərə rast gəlinmir.
3. Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Lakin qurumun strukturu haqqında sözlü bilgilər və qurumun alt bölmələri, yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi yoxdur. Bununla yanaşı bələdiyyələr haqqında bilgilər təqdim edilir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin qısaca bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar saytda əks etdirilir. Ancaq struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında bilgilər əks etdirilmir.
5. Əslində qurumun cari fəaliyyəti haqqında elə də bir fikir söyləmək çətindir. Çünki saytda yalnız 5 mətbuat üçün açıqlamaya rast gəlinir ki bunlar da eyni tarixdə təqdim edilmiş informasiyalardır. Digər informasiya tapmaq mümkün deyil. Həmçinin qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında da bilgiyə rast gəlinmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da bilgilər saytda yer almayıb.
8. Təəssüflər olsun ki, boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də bilgilər verilmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat saytda əks etdirilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgi verilir ki, bunu da yetərli saymaq olmaz. Burada vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilər çatışmır.
11. Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar əks etdirilmir.
12. Saytın texniki imkanları normaldır. Lakin nə onlayn müraciət forması nə də abunə imkanı təqdim edilmir.