Azərbaycan Respublikası Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, bir sıra göstəricilər baxımından yaxşı durumdadır. Ancaq ümumilikdə saytın durumunu bu cür dəyərləndirmək olmaz.
Saytda bir sıra bölmələri üzrə, özəlliklə də e-xidmətlər baxımından ciddi çatışmazlıqlar var. Ancaq saytın texniki imkanları onun üzərində iş aparmaqla təkmilləşdirilməsini mümkün etdiyi üçün aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim etmək istərdik:
1. Qurum ilə bağlı informasiyalar tam şəkildə olduğundan tövsiyə söyləməyə gərək yoxdur.
2. Ziyarətçilərin qurum ilə əlaqəsinin yaxşılaşdırılması üçün təqdim edilmiş məlumatlar sırasına həmçinin qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə isə qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə olan bilgilərin əks etdirilməsi zəruridir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə ilə bağlı struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında isə qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə verilmiş bilgilər sırasına elektron formada təklif olunan xidmətlər və qaynar xətt nömrəsinin də daxil edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi gərəklidir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də verilməsi lazımdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları. tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin verilməsi tövsiyə olunur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin verilməsi yaxşı olardı.
13. Saytın texniki imkanları yüksək səviyyədədir. Buraya yalnız abunə imkanının əlavə edilməsi tövsiyə olunur.