Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti www.sabail-ih.gov.az domen adlı İnternet resursu təəssüflər olsun ki, gözlənilən halda deyil. Sayta qısaca nəzər salmaqla demək olar ki, sayta gözucu yanaşılır. Burada nə təqdim edilməsi gərəkli olan informasiyalar nə də saytın istifadə rahatlığı yoxdur. Cari işlər barədə təqdim edilmiş məlumatlar isə sanki saytın dolu görsənməyi üçün yerləşdirilib. Çünki ətraflı oxumaq üçün tıkladıqda məlumat açılmır. Yəni ancaq xəbərin başlığını oxumaq mümkündür. Ümumilikdə isə sayt aşağıdakı vəziyyətdədir:
1. Rayon haqqında təqdim edilmiş bilgilər normal sayıla bilər. Qurum haqqında isə yalnız qurumun rəhbəri haqqında qısaca bilgi təqdim edilir. Nə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, nə qurumun öncəki rəhbərləri haqqında bilgilər, nə də qurumun əsasnaməsi təqdim edilmir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün marşrut və ictimai nəqliyyat barədə bilgilər əks etdirilmir.
3. Qurumun strukturu barədə qısaca bir cədvəl tərtib edilsə də bu bilgini yetərli saymaq olmaz. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatlar saytda yerləşdirilməmişdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbəri haqqında qısaca bilgi və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Digər bilgilər (rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı) isə əks etdirilmir.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər təqdim edilsə də bu bilgilərin ancaq başlıqlarını oxumaq mümkündür, ətraflı oxunu vurduqda yazı açılmır. Bununla yanaşı qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də yoxdur.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer almamışdır.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər sayta yerləşdirilməmişdir.
9. Daha bir təqdim edilməyən bilgilər qurumun işçilərinin əmək haqları ilə bağlı bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə verilmiş bilgiyə rast gəlinilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.
12. Saytın texniki imkanlarını da yaxşı hesab etmək olmaz. Həmçinin burada onlayn müraciət forması və abunə imkanı da yoxdur.