Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti www.khatai-ih.gov.az domen adlı İnternet resursu zənginliyi və sayta nəzarət baxımından seçilir. Doğrudur informasiya açıqlığı haqqında qanunda nəzərdə tutulmuş bilgilərin bir neçəsi təqdim edilmir. Ancaq digər bilgilər cəhətdən zəngin və dolğundur. Saytda ən çox da nəzərə çarpan əlaqə vasitələrinin ətraflı şəkildə təqdim edilməsidir. Çatışmayan bilgilərin tamamlanması sayəsində sayt mükəmməl bir resursa çevrilə bilər onun üçün də çatışmayan bilgilər barədə tövsiyələrimizi aşağıda qeyd edirik.
1. Rayon haqqında bilgilər ətraflı və dolğun şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə təqdim edilmiş bilgilər sırasına dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından yaxşı olar ki, ümumi bilgilərlə bərabər qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər də təqdim edilsin.
3. Qurumun strukturu barədə yeganə çatışmayan bilgi olan struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatların da daxil edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilməmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin daxil edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti barədə isə rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
6. Yaxşı olardı ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer alsın.
7. Qurumun təklif etməli olduğu xidmətlər barədə onlayn müraciət etmək imkanından əlavə qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də əks etdirilməsi gərəklidir.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların təqdim edilməsi barədədir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilər sırasına qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin daxil edilməsi tövsiyə olunur.
11. növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.