Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti www.yasamal-ih.gov.az domen adlı İnternet resursu istifadə rahatlığı və saytın çevikliyi ilə seçilsə də məlumat baxımından seçilmir. Saytda gərəkli məlumatların hər biri yerləşdirilsə bu sayt zəngin saytlar sırasında ilk yerlərdə dayana bilər. Çünki saytın texniki imkanları mükəmməldir və buna uyğundur. Bunu üçün də hər bir bənd üzrə tövsiyələrimizi təqdim edirik.
1. Rayon haqqında bilgilər sırasına rayonun tarixi, əhalisi, coğrafi mövqeyi və s. kimi bilgilərin də əlavə edilməsi tövsiyə olunur. Qurum haqqında isə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ən azından ümum imkanlar (qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanı və s.) təqdim edilməlidir.
3. Qurumun strukturu barədə yeganə çatışmayan bilgi olan struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatın təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilər sırasına qurumun ilə əks əlaqə üçün ümumi imkanlar, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və vətəndaşların müraciətlərinə baxılma qaydası barədə məlumatların əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti barədə mətbuat üçün təqdim edilmiş açıqlamaların cəmi üçünün deyil digər məlumatların da görsənməsi vacibdir. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer alması yaxşı olardı.
7. Qurumun təklif etməli olduğu xidmətlər barədə onlayn müraciət etmək imkanından başqa qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların təqdim edilməsi barədədir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər işıqlandırılsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həmçinin qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əks etdirilməsi gərəklidir.
11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanları yüksək səviyyədə olduğundan əlavə yalnız bir tövsiyə var o da abunə imkanının təqdim edilməsidir.