Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti www.mingechevir-ih.gov.az ünvanlı İnternet resursu, icmaldan da anlaşıldığı kimi, bir çox göstəricilər üzrə tələblərə qətiyyən cavab vermir. Əsas bölmələr üzrə bəzən heç bir bilgi verilmir. Bəzən də verilən bilgilər yetərli olmur. Saytın texniki imkanları və funksionallığı yetərli olsa da interaktivlik demək olar ki, nəzərə çarpmır. Yalnız onlayn yazışma forması var. Ümumi rəyimiz bundan ibarətdir ki, bu resursun texniki imkanları onun təkmilləşdirilməsini mümkün edir. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı təqdim edilmiş bilgilərdən olan struktur, qurumun əsasnaməsi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu barədə bilgilərin yetərli səviyyəyə gətirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar tam şəkildə təqdim edilir və başqa tövsiyəyə gərək yoxdur.
3. Qurumun strukturu barədə qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, rəhbərin müavinlərinin bioqrafiyaları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət imkanından başqa qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi lazımdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
9. Həmçinin yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yeganə çatışmayan bilgi olan icra hakimiyyətində vətəndaşların qəbul qaydalarının təqdim edilməsi də tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında bilgilərin də saytda yer alması yaxşı olardı.
12. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.