Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti www.saatli-ih.gov.az domen adlı İnternet resursu təəssüflər olsun ki, çox zəif və məlumatsız bir saytdır. Sayt həm quruluş baxımından, həm də informasiya baxımından çox geridə qalmışdır. Saytın funksionallığı da normal deyildir. Həmçinin saytda nəinki bilgilərin çatışmamazlığı nəzərə çarpır, həmçinin sayta nəzarətin olmadığı da açıq aşkar görünür. Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:
1. Rayon haqqında qısaca məlumat verilsə də bu yetərli bir bilgi deyil. Qurum ilə bağlı isə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanununan başqa bir bilgiyə rast gəlinmir. Nə icra hakimiyyətinin başçısı, bioqrafiyası, nə də icra aparatı haqqında bilgiləri əks etdirilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun telefon və faks nömrələri, və e-poçt ünvanı təqdim edilir. Gərəkli bilgi olan qurumun ünvanı isə yoxdur.
3. Qurumun strukturu barədə qurumun strukturununun sxemi, struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatlar təqdim edilmir. Burada ancaq əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında çox qısa bilgilər əks etdirilir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər barədə qısa bir cümlə belə əks etdirilmir. Burada yalnız qurum ilə əks əlaqə üçün qısaca bilgi göstərilmişdir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar bir il bundan öncəyə aiddir. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında heç bir bilgiyə saytda rast gəlinmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilmir.
7. İcra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər barədə yalnız onlayn müraciət etmək imkanı mövcuddur. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları isə verilməyib.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar təqdim edilməyən bilgilərdir.
9. Təqdim edilməyən daha bir bilgi sahə işçilərinin əmək haqları barədə bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, icra hakimiyyətində vətəndaşların qəbul qaydaları təqdim edilmir. Ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında qısaca bilgi verilir.
11. Növbəti təqdim edilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlı olan dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqındadır.
12. Saytın texniki imkanları zəifdir. Onlayn müraciət imkanı təqdim edilsə də abunə imkanı yoxdur.