Gəncədə fəaliyyət göstərən “Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İctimai Birliyi “Gəncə Media mərkəzi” layihəsi çərçivəsində www.ganca.az analitik informasiya saytı yaradıb. Gəncə Media Mərkəzinin koordinatoru İlqar Ağayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə saytda informasiyalarla yanaşı, müxtəlif mövzularda materiallar, həmçinin jurnalist araşdırmaları oxucuların ixtiyarına veriləcək. Saytda həmçinin qədim Gəncənin tarixi keçmişi və müasir həyatı barədə ətraflı bilgilər geniş yer alıb. İ. Ağayevin sözlərinə görə, saytın yaradılmasında əsas məqsəd Gəncəbasar regionunda baş verən proseslərin işıqlandırılmasını işini intensivləşdirməkdir. Artıq layihə rəhbərliyi bir neçə aparıcı qəzetlərlə müqavilə bağlayıblar. Qeyd edək ki, Gəncə Media Mərkəzi Demokratiyaya Milli Dəstək Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Layihənin reallaşdırılması üçün 14600 ABŞ dolları məbləğində vəsait ayrılıb.