Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı
16 sentyabr 2006- cı il tarixdə Bərdə Bələdiyyə Resurs Mərkəzində Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “Bələdiyyələrin informasiya açıqlığında İnformasiya əldə etmək haqqında Qanunun rolu” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən “Bələdiyyələrin informasiya açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində həyata keçirilir.
Dəyirmi Masada Bərdə , Ağcabədi və Tərtər bölgəsinin Bələdiyyələrinin nümayəndələri iştirak edib.
Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri Osman Gündüz, expertlər Ələsgər Məmmədli və Vüqar Tofiqli mövzu ətrafında məruzə ediblər.
Dəyirmi Masada Bərdə rayonu Bələdiyyələrin Əlaqələndirmə Şurasının şöbə müdiri Ehtiram Eyvazov, Bərdə rayonu Gəzənə Bələdiyyəsinin nümayəndəsi Əmirxan Baxşəliyev, Bərdə rayonu Kətəlparaq Bələdiyyəsinin sədri Allahyarov Ədalət , Tərtər Bələdiyyəsinin nümayəndəsi Ağamoğlan İsmayılov , Ağcabədi Bələdiyyəsinin nümayəndəsi Əkbər Sadıqov və digər bələdiyyə təmsilçiləri çıxış ediblər.
Çıxışlarda Yeni Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi, bələdiyyələr və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında informasiya texnologiyalarının rolu ətrafında müzakirələr aparılıb. Yeni Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrə aydınlıq gətirilib.
Müzakirələr zamanı informasiya və informasiya texnologiyaları sahəsində dünyada və ölkədə gedən proseslər nəzərdən keçirilmiş , bələdiyyələrdə informasiya işinin qurulmasında daha səmərəli və effektiv formalardan istifadənin zəruriliyi qeyd edilib. Bələdiyyə üzvləri və qulluqçuları arasında İKT ilə bağlı Treninqlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Qanunda nəzərdə tutulan müddətdə maliyyə problemləri yaşanan əksər Bələdiyyələrdə informasiya resurslarının yaradılması mümkünsüz olduğundan “Elektron Bələdiyyə” Dövlət Proqramının qəbul edilməsinin vacibliyi vurğulanıb. Çıxışlarda Bələdiyyələr tərəfindən Qanunun reallaşdırılması ətrafında səmərəli Təkliflər irəli sürülüb.
Dəyirmi Masada iştirak edən Bələdiyyə nümayəndələrinə İKT sahəsində biliklərə yiyələnməyə kömək edəcək ədəbiyyatlar paylanıb.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.cit.az