Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə məlumatların bir qədər dağınıq tərtib olunması ilə fərqlənir. Saytda e-xidmətlərin verilməsi onun üstünlüklərindən biridir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Lakin saytda bir qarışıqlıq hökm sürür ki, bunu qaydaya salmağa ehtiyac var. Məsələn, saytın Əlaqə bölməsində qurumun əlaqə vasitələri və ünvanı göstərilsə də, nədənsə qurumun xəritəsi İstifadəçilər üçün məlumat bölməsində təqdim olunur. Bundan başqa, Ali Məhkəmə haqqında bölməsində Ali Məhkəmənin tərkibi haqqında ümumi məlumat verilsə də, rəhbərlik və kollegiya haqqında bioqrafik məlumatlar nədənsə İstifadəçilər üçün məlumat bölməsində “rəhbərliyin qəbul günləri” hissəsində təqdim olunmuşdur. Həmçinin, qəbul günləri və saatları da həmin bölmədə verilməsinə baxmayaraq, ayrıca təqdim edilmiş Qəbul bölməsində vətəndaşların qəbul günləri və saatları göstərilir. Saytda qurumun büdcəsi, sahə işçilərinin əmək haqqı, tender və hərraclarla bağlı elanlar, boş iş yerlərinə qəbul haqda heç bir məlumat öz əksini tapmır. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud olsa da, passiv səhifə olduğu o dəqiqə görünür. Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Qurumun rəhbərliyi haqqında məlumatlar təqdim olunur, amma yaxşı olardı ki, informasiyalar tələb olunan bölmədə yerləşdirilsin.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi tövsiyyə edilir.
3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır.
9. Saytda sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanları təqdim edilmir.Bu sahə üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.
13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında abunə imkanı da göstərilsin və sosial şəbəkələrdə səhifəsi aktiv hala gətirilsin.