Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az. ünvanlı İnternet saytı məlumat bolluğu və bilgi içərisinin dolğunluğu ilə diqqəti cəlb edir. Azərbaycan Gömrük Komitəsinin saytında təqdim olunan gömrük ödənişləri, terminlər lüğəti, gömrük tarifləri, Azərbaycan Gömrük Muzeyləri, Gömrük Akademiyası, Səyahətçilər üçün məlumat, idxal olunan mallar, ixrac olunan mallar, Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Gömrük Ekspertiza İdarəsi, Kinoloji Mərkəz, gömrük əməkdaşlarının vətəndaşlarla davranış qaydaları, elektron xidmətlər və s. bölmələrindən ziyarətçilər kifayət qədər məlumat əldə edə bilərlər. Bundan başqa, saytda qaynar xətt, valyuta məzənnəsi, Qurum rəhbərinin vətəndaşları bölgələrdə qəbul edəcəyi ilə bağlı məlumatlar da öz əksini tapmışdır. Bir sözlə, qurumun saytı kifayət qədər dolğundur, amma bəzi çatışmazlıqlar da mövcuddur ki, aşağıda onlara toxunacağıq. Saytın xəritəsi hazırlıq ərəfəsindədir. Regional mərkəzlərin ünvanları, əlaqə vasitələri təqdim edilsə də, rəhbərləri haqda heç bir məlumat verilmir. Qurumun büdcəsi haqqında məlumata, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında heç bir bilgiyə rast gəlinmir. Həmçinin, quruma getmək üçün nəqliyyat vasitələri ilə bağlı da məlumat yoxdur. Beləliklə, saytda nələri görürük:
1. Qurum ilə bağlı təqdim edilmiş məlumatlar qaneedici sayılır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da yetərincə məlumarlar var .
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilsə də, regional qurumların rəhbərləri haqda bioqrafik bilgilərə rast gəlinmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında, həmçinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir.
7. Komitənin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilir, amma qurumun regional şöbələrində rəhbər işçilərin vətəndaşları qəbul vaxtı göstərilməmişdir. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar öz əksini tapmır. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Qurumun norma (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.
13. Saytın texniki imkanları sırasında abunənin və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır. Qurumun sosial şəbəkələrdə səhifəsi aktiv sayıla bilər.