Azərbaycan İnternet Forumunun
Məlumatı
Azərbaycan İnternet Forumu tərəfindən “Təhsildə İnternet-texnologiyaların rolu" mövzusunda Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada AİF-in prezidenti Osman Gündüz ““Təhsildə İnternet-texnologiyaların rolu : problemlər və perspektivlər” mövzusunda, AzNet Layihəsinin IKT təlimi üzrə Əlaqələndiricisi SəmədAbbasov “Təhsildə İnternet : texnoloji məsələlər” mövzularında Məruzələrlə çıxış ediblər.
Dəyirmi Masada ADNA Kompüter proqramları kafedrasının dosenti Nazim Rüstəmov, Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli, İTV Rəqəmsal Dünya Proqramının rəhbəri Fizuli Məcidli , AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, 7 saylı məktəbin İnformatika müəllimi Gülnarə Səlimova, Avropa Liseyinin informatika müəllimi Rəhilə Əliyarzadə, 264 saylı məktəbin müəllimi Mətanət Əhmədova , RİTN-nin bölmə müdiri İsfəndiyar Əliyev, UNİSEF-in əməkdaşı Emin Hüseynov, Müəllimlər İnstitutunun dosenti Hidayət Tağıyev, Təhsil Nazirliyinin əməkdaşı Akif Əliyev, HP şirkətinin nümayəndəsi Rasim Bəxşi , AzNet Layihəsinin meneceri Murad Maqsudov və digərləri çıxış ediblər. Müzakirələrdə son dövrlərdə məktəblərin kompüterləşməsi, təhsildə internetin tətbiqi istiqamətində müəyyən işlər görüldüyü, müxtəlif Layihələr çərçivəsində bəzi məktəblərdə internet bağlantısının yaradıldığı qeyd edilib. Müəllimlər çıxışlarında İnternet –texnologiyaların tədris prosesində müsbət rol oynadığını bildiriblər.
Eyni zamanda bu sahədə problemlərin, bir sıra hallarda ciddi qüsurların olduğu bildirilib və bunların aradan qaldırılması istiqamətində səmərəli təkliflər irəli sürülüb.
Müzakirələrdə məktəblərdə internet texnologiyaların tətbiqi sahəsində pərakəndəliyin olması xüsusilə vurğulanıb. Təhsil Nazirliyi tərəfindən koordinasiyanın daha səmərəli qurulması və “Təhsildə İKT-nin tətbiqi” Dövlət Proqramı çərçivəsində Əlaqələndirici Şuranın , Vahid İnformasiya Mərkəzinin yaradılmasının vacibliyi bildirilib. Məktəblərdə İKT üzrə məsul şəxslərin müəyyən edilməsi və bu prosesin sürətlə reallaşmasının vacibliyi qeyd olunub.
Çıxışlarda müəllimlərin İKT hazırlığı sahəsində problemlərin olduğu, metodiki vəsaitlərin olmadığı qeyd olunub. Tədris materiallarının elektron formasının, xüsusilə onun internet variantlarının olmamasının , Elektron Kontent probleminin mövcudluğunun müəllimlərin seçim imkanlarını məhdudlaşdırdığı vurğulanıb. Təhsil sahəsində İnternet resurslar üçün vahid standartların hazırlanmadığı qeyd olunub.
Məktəblərin İnternetə qoşulması istiqamətində yuxarıda adı çəkilən Dövlət Proqramında vəsaitlərin nəzərdə tutulmadığı ciddi narahatçılıqla qeyd olunub. Şəhər və kənd məktəblərinin İnternet bağlantısının yaradılması üçün və məktəblərin internet xərclərinin ödənilməsi üçün maliyyələşmə məsələlərinə aydınlıq gətirilməsinin vacibliyi bildirilib.
Dəyirmi Masada qeyd olunan təkliflərin ümumiləşdirilərək Təhsil Nazirliyinə və digər aidiyyatı qurumlara çatdırılmasının vacibliyi bildirilib. Dəyirmi Masada müxtəlif dövlət, özəl , ictimai və təhsil qurumlarının nümayəndələri iştirak edib.
AİF
492-44-44
info@cit.az
www.cit.az