Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı haqda öncə onu bildirək ki, saytın domen ünvanı mod.gov.az müdafiə nazirliyinə uyğun domen adı deyil. Yaxşı olardı ki, müdafiə sisteminə uyğun ad seçiləydi. Monitorinqdə də qeyd etdiyimiz kimi, sayt yeni qurulmasına baxmayaraq özəlliklə də ermənilər tərəfindən işğalda olan ərazilər haqda çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqam video-süjetlərin təqdim olunmasıdır ki, bu da saytın dolğunlaşmasına xidmət edir. Ancaq bununla belə saytda çatışmayan bilgilər də çoxdur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyyələrimizi təqdim etməyə dəyər. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
2.Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilsin.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları da göstərilsəydi yaxşı olardı.
4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də ayrıntılı bilgilərin daxil edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan əlavə xidmətlər, qaynar xətt, abunə, axtarış sistemidir ki, bunlarında saytda əks etdirilməsi tövsiyyələr sırasındadır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim edilsə də, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi lazımlıdır.
11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.
12. Daha bir tövsiyyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir. Yaxşı olardı ki, qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.
13. Saytın texniki imkanları sırasına abunə imkanının, axtarış sisteminin və sosial şəbəkədə səhifəsinin olması da tövsiyyələr sırasındadır. Fasebook sosial şəbəkəsində qurumun adından açılaraq təhqiramiz statuslar paylaşan səhifə nəzarət altına alınsa yaxşı olar.