Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Google axtarış sistemində axtardıqda ziyarətçi qəribə halla qarşılaşır. Nəzərə alsaq ki, hamı bu nazirliyin rəsmi domen adını bilmir və sadəcə qurumun adını yazıb axtarış aparır, bu zaman açılan sayt ya qurumun əvvəlki domeni www.azerbaijan.az, ya da nazirliyin yarı rus, yarı azərbaycanca olan saytı açılır. Qurumun bu işlə məşğul olan şəxsləri mütləq bu problemi aradan qaldırmalıdırlar. Qurumun www.mlspp.gov.az ünvanlı İnternet saytı dolğun bilgi təqdim edir. Saytda ayrıca e-xidmətlər bölümü kifayət qədər dolğun təqdim olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Saytın tarixi, rəhbərliyi haqqında məlumatlar, qurumla əlaqə vasitələri, onlayn müraciət forması, vakansiyalar haqqında məlumatlar, vətəndaşların qəbulu qaydaları, sosial şəbəkələrdən twitter, fasebook-da aktiv səhifələrinin mövcudluğu, tender elanları, struktur rəhbərləri ilə əlaqə vasitələri mövcuddur. Hətta saytda vətəndaşların qəbulunun videogörüntüləri yer alıb ki, bu da təqdirəlayiq hal sayılır. Qurumun saytında xəritə mövcuddur ki, xəritədə hər hansı regionun üzərinə tıklamaqla ƏƏMN-nin həmin regiondakı bölmələrinin ünvanı, əlaqə telefonları və rəhbərliyi haqda məlumat əldə etmək mümkündür. Yalnız quruma tabe olan müəssisələrdən Əlillərin Bərpa Mərkəzlərinin regional bölmələrindən heç birinin rəhbərliyi və onlarla əlaqə vasitələri nədənsə göstərilmir. Həmçinin, qurumun tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin də rəhbərliyi və əlaqə vasitələri göstərilməmişdir. Bütün bu sahələr də dolmuş olsaydı, sayt daha gözəl təsir bağışlayardı. Yəni, ziyartəçi qurumun saytından istənilən məlumatı əldə etməkdə çətinlik çəkməzdi. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Örnək üçün, qurumun büdcəsi, sahə işçilərinin tarif stavkası haqqında heç bir bilgi verilmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumatlar təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, onlayn əlaqə forması təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumun rəhbərinin regionlarda vətəndaşlarla keçirdiyi görüşlərin videosüjetlərinin təqdim olunması buna bariz nümunədir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə də bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də bilgilərə rast gəlinir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər geniş şəkildə əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar barədə yeganə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanı barədədir. Təəssüflər olsun ki, o da yetərli sayılacaq səviyyədə deyil. Digər bilgilər (tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) barədə isə heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında abunə imkanı da olaydı.