Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi www.tender.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi müəyyən bilgi verir. Saytın texniki imkanları və funksionallığı öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Tender elanlarının, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun strukturu barədə geniş məlumatlar təqdim olunur. Qurumun qaynar xətti mövcud olsa da, nədənsə qurumun ana səhifəsində deyil, əlaqə bölməsində digər əlaqə vasitələri kimi kiçik, diqqəti bir o qədər də cəlb etməyən şriftlərlə təqdim edilmişdir. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, e-poçtlar təqdim edilsə də, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə heç bir bilginin verilmədiyinə nəzərə alsaq, bu sahənin dolğunlaşdırılmasına gərək var.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr təqdim edilsə də, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları əks etdirilməyib. Bunu nəzərə alaraq bu sahədə tövsiyə verilir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Amma yaxşı olardı ki, qurumun dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edilmişdir. Bu üzdən də əlavə tövsiyə verilmir.
9. Qurumun sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda yer almadığı üçün bu üzdən də tövsiyə edilir ki, bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında məlumatlar saytda yer almışdır. Burada çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir ki, bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasında qaynar xətt imkanı olsa da, saytın ön səhifəsində görünən yerdə deyil. Qaynar xəttin saytın üz hissəsində olması, həmçinin sosial şəbəkələrdə qurumun səhifəsinin hazırlanması tövsiyə olunandır.