Tuesday 03rd December 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Müvəkkilimiz kim olsun? İjtimai müzakirələr keçirilməsə, bəxtimizə çıxanla barışmağa məjbur olajağıq (Gültəkin Knyazqızı, Aytən Məmmədova ,“Azadlıq” qəzeti)

posted by

Müvəkkilimiz kim olsun?

İctimai müzakirələr keçirilməsə, bəxtimizə çıxanla barışmağa məcbur olacağıq

Gültəkin Knyazqızı,

Aytən Məmmədova

“Azadlıq” qəzeti

Yəqin, çox az adam bilir ki, bir azdan bizdə də İnformasiya məsələləri üzrə Müvəkkil (Ombudsman) adlı yeni institut olacaq. Ötən ilin dekabrında qüvvəyə minən "İnformasiya əldə etmək haqqında" Qanun bu quruma rəhbərlik edəcək şəxsə bir sıra səlahiyyətlər verir. Ən əsası odur ki, yeni Müvəkkil informasiya axtarışında olan hər kəsə, o cümlədən də jurnalistlərə yardımçı olmalıdır. Artıq məlumat almaq hüququ pozulan istənilən adam kömək üçün Ombudsmana üz tuta bilər.

Gəlin, qısaca da olsa, İnformasiya məsələləri üzrə Müvəkkilə verilən səlahiyyətlərə nəzər salaq. Müvəkkil informasiya sorğusunu cavablandırmaqdan qanunsuz imtina, sorğunun vaxtında və lazım olduğu kimi cavablandırılmaması, qanuna görə açıqlanmalı olan bilgilərin açıqlanmaması, internet səhifəsi saxlamaqla bağlı qanunun tələblərinin pozulması, yanlış, qeyri-dəqiq və natamam məlumatın verilməsi və s. hallarla bağlı hüququ pozulmuş vətəndaşın şikayətini hərtərəfli, obyektiv araşdırmalıdır. Əgər, şikayət əsaslıdırsa, Müvəkkil məlumat verməli olan quruma və ya subyektə (məlumat sahibi) bu qanunsuzluqları aradan qaldırmaq barədə göstəriş verə bilər. Bu göstərişə 5 iş günü ərzində baxılıb Ombudsmana yazılı bildiriş göndərilməlidir. Göstəriş icra olunmasa, Müvəkkil xidməti qaydada araşdırma başlanması üçün məlumat sahibinin tabe olduğu yuxarı orqan qarşısında vəsatət qaldıra bilər. Öz növbəsində, yuxarı orqan da 15 iş günü ərzində vəsatətə baxıb nəticələri barədə müvəkkilə məlumat verməlidir.

Bütün bunları qeyd eləməklə demək istəyirik ki, İnformasiya Ombudsmanı kifayət qədər ciddi fiqurdur. Məsələnin daha ciddi tərəfi isə bu səlahiyyətlərin kimə həvalə olunacağıdır. Qanuna görə, Müvəkkil prezidentin təqdim etdiyi üç namizəddən biri olmalıdır. Üçlük arasından seçimi isə Milli Məclis həyata keçirəcək.

Ombudsmanın ona verilmiş səlahiyyətlərdən haqlı şikayətçinin xeyrinə istifadə etməsi üçün ilk növbədə o, müstəqil, sözünü deyə bilən olmalıdır. Amma təyinatın prezidentə həvalə olunması artıq bəri başdan müəyyən şübhələrə əsas yaradır. Heç kim təminat verə bilməz ki, prezidentin namizədləri tələb olunduğu kimi ayrı-ayrı siyasi qüvvələrdən uzaq və  işinin peşəkarı olan şəxslər olacaq. Artıq qanunun qəbulu arxada qaldığına görə bu barədə danışmaq əhəmiyyətsizdir.

Bu qüsuru vaxtında – qanun layihəsinə dəyişiklik etmək imkanı olanda aradan qaldırmaq lazım idi. İndi əsas məsələ bu vəzifəyə layiqli namizədlərin irəli sürülməsinə nail olmaqdır. Bu baxımdan, bütün cəmiyyətin, xüsusən də medianın üzərinə böyük yük düşür. İlk növbədə, namizədlərlə bağlı ictimai müzakirələr başlamalıdır. Müzakirələrin gedişində layiqli namizədlər, yəni bu vəzifənin öhdəsindən gələ biləcək, müstəqil və obyektiv mövqeyi, prinsipiallığı və peşəkarlığı ilə tanınan simalar cəmiyyətə təqdim olunmalıdır. Bu məsələdə ictimai tələb o qədər güclü və inandırıcı olmalıdır ki, dövlət başçısı parlamentə "üçlüyü" təqdim edərkən bu rəylə hesablaşmağa məcbur olsun.

Əslində, Müvəkkil seçimilə bağlı həyəcan təbili çoxdan çalınmalıydı. Çünki ötən ilin sentyabrında qəbul olunub dekabrında qüvvəyə minən "İnformasiya əldə etmək haqqında" Qanuna görə İnformasiya Müvəkkili ən geci altı ay ərzində seçilməliydi. Daha dəqiq desək, bu il iyunun 18-i Ombudsmanın təyinatı üçün son tarix idi. Amma göründüyü kimi, göstərilən tarixdən beş ay, qanunun qüvvəyə minməsindən isə bir ilə yaxın vaxt keçsə də, Müvəkkilin nəinki özü, heç sorağı da yoxdur.

Düzdür, Müvəkkil nə qədər tez fəaliyyətə başlasaydı, bu, bizə bir o qədər xeyir idi. Amma bəlkə də bu ləngimə bizim üçün göydəndüşmə bir fürsətdir ki, seçiməqədərki vaxtdan səmərəli istifadə edib namizəd axtarışına başlayaq.

İctimaiyyəti məsələyə ciddi yanaşmağa vadar edən həm də o amil olmalıdır ki, bu strukturda səlahiyyət sahibi yalnız bir nəfər olacaq – o da Müvəkkil. Vaxtilə qanun lahiyəsinə tutulan iradlardan biri də məhz bununla bağlıydı. Ekspertlər təklif edirdilər ki, bu funksiyaları Müvəkkil yox, bir çox ölkələrdə olduğu kimi müvafiq Komissiya həyata keçirsin. Çünki Komissiyada qərarın qəbulu artıq bir yox, bir neçə nəfərin rəyindən asılı olur. Bu da həmin qərarların obyektiv olmaq şansını xeyli artırmış olur. İcraçının bir nəfər olması isə o deməkdir hər şey qalır bəxtin ümidinə. Təcrübə göstərir ki, bu cür məsələlərdə Azərbaycan xalqının bəxtinin gətirmək ehtimalı olduqca azdır.

Əgər fəal ictimaiyyət seçim məsələsində passivlik nümayiş etdirsə, Teleradio Şurası, İctimai Yayım Şurası üzvlərinin seçimi zamanı yaşanan narahatlıqlar yenidən təkrarlanacaq. Başqa sözlə, bu qurumlar kimi, İnformasiya Ombudsmanı da ümidləri doğrultmayacaq. Xatırlayırsınızsa, Teleradio Şurası üzvlərinin təyinatından əvvəl heç bir ictimai müzakirə aparılmadı. İctimaiyyət bir də onda xəbər tutdu ki, Şuraya 6 üzv təyin edilib. Maraqlıdır ki, təyinatdan bir neçə il keçsə də, hələ də çoxları bu üzvlərin kimliyi barədə məlumatsızdır. O ki qaldı İctimai Televiziyaya, qurumun Yayım Şurasının formalaşmasından tutmuş, baş direktorun seçiminə qədər prosesin necə getdiyi hamının yaxşı xatirindədir. Elə o zaman da işləri korlayan vaxtında səmərəli ictimai müzakirələrin təşkil edilməməsi oldu. Həmin vaxt dövlət qeydiyyatından keçməyən təşkilatlara İctimai Yayım Şurasına namizəd irəli sürmək imkanı tanınmadı. Cəmiyyətdə müstəqil və ya müxalif mövqeyilə tanınan əksər təşkilatlar qeydiyyata alınmadığından, namizədlər siyahısında hökumətyönlülər çoxluq təşkil etdi. Bu, Şuranın belə formalaşmasının əsas səbəbi olmasa da, hər halda vacib amil idi.

Bir çox Avropa ölkələrində İnformasiya Ombudsmanı uzun illərdir ki, fəaliyyət göstərir. Bəzilərində isə bayaq dediyimiz kimi, bu vəzifəni Komissiya həyata keçirir. Məsələn, İsveçdəki Ombudsmanın vəzifəsi münaqişəli vəziyyətlərdə ictimaiyyətlə mətbuat arasında vasitəçilik etmək, vətəndaşların nüfuz və şəxsi həyatının toxunulmazlığını qorumaqda onlara köməklik göstərmək, bu cür pozuntular olduqda müvafiq KİV-dən düzəliş və təkzib verilməsini tələb etməkdir. Göründüyü kimi, İsveçdəki İnformasiya Ombudsmanı bir növ bizdəki Mətbuat Şurasının funksiyasını həyata keçirir. Azərbaycan kimi ölkələrdə isə mətbuatla ictimaiyyət arasında yox, məlumat sahibilə onu almaq istəyən şəxs arasında münasibətləri tənzimləməyə daha çox ehtiyac var. Bir də ki, belə demokratik ölkələrdə seçim proseduru o qədər önəm daşımır. Çünki həmin şəxs onu seçənə yox, xalqa xidmət etməyi qarşısına məqsəd qoyur.

Qayıdaq, özümüzə. Görək, yerli media mütəxəssisləri Müvəkkilin hazırkı şərtlər daxilində seçiminə necə yanaşır və ümumiyyətlə, prosesi necə proqnozlaşdırırlar.

"Yeni Həsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, problem seçim prosedurunda yox, cəmiyyətlə hakimiyyət arasındakı münasibətlərdədir: "Bir çox ölkələrdə heç bir problem yaratmayan məsələ bizdə həmişə problem yaradır. Azərbaycanda cəmiyyətin institutları ilə hakimiyyət arasında inam olduqca aşağıdır. Ona görə də əvvəlcədən ehtimal edilir ki, əgər hansısa məsələ prezident və ya parlament səviyyəsində həll olunursa, deməli, buradan yaxşı bir şey gözləmək olmaz. Amma mahiyyətcə prezident də, parlament də guya xalqın inamı üzərində formalaşdırılan institutlardır. Amma ortada bu inam yoxdur.

Cəmiyyət, xüsusilə media bu məsələni müzakirə edir. Amma hökumət media sahəsində Ombudsman institutunu formalaşdırmağa tələsmir, hətta bunu etmək istəmir də. Qanun qəbulu zamanı da Müvəkkil məsələsi çox böyük təzyiqlər, mübahisələrdən sonra qəbul olundu. Açığını deyim ki, yaxın vaxtlarda Müvəkkillə bağlı məsələnin reallaşmasını gözləmirəm.

Prezident üç nəfər özünə çox loyal adamın namizədliyini verir və parlament onların arasından ən loyalını seçir. Prinsipcə bu, mümkün məsələdir. Amma bu gün o institutun yaradılmasında hökumətin elə bir istəyi və marağı gözə dəymir. Mən olsaydım, cəmiyyətdə inamsızlığın olduğunu nəzərə alıb hətta qanunun imkan verdiyindən də artıq şəffaf bir proses keçirərdim. Bu ancaq işin xeyrinə ola bilər. Amma indi elə də ümidli deyiləm ki, bu proses şəffaf keçiriləcək".

Müstəqil hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, proseslər hökumətin Müvəkkilin təyinatında maraqlı olmadığını göstərir: "İndiyə qədər hökumətin kifayət qədər vaxt imkanı var idi ki, Müvəkkilin təyin olunması prosesini başa çatdırsın. Görünür, istək yoxdur. Çünki Müvəkkilin effektiv fəaliyyəti daha şəffaf idarəetmə zərurəti yaranır. Cəmiyyət daha çox informasiya əldə etdikcə onun hüquq pozuntularına qarşı mübarizə imkanları da genişlənir. Qanunun girişində yazalıb ki, bu sənəd cəmiyyətin şəffaf, demokratik mdarə olunmasına töhfə vermək üçündür. Qanunun işlək olmasının əsas təminatçılarından biri Müvəkkildir. Çünki onun çox funksiyaları var. Hə qədər zəif işləyən bir qurum olsa, yenə də işləməlidir. Görünür, buna görə də bu seçimi tezləşdirmək istəyi yoxdur. Belə çıxır ki, prosesin gedişi daha çox Avropa Şurası qarşısındakı öhdəliklərə əməl etmək məcburiyyətindən irəli gəlib. Hakimiyyətin bir qolunun təyin etdiyi şəxsin bütün cəmiyyəti qucaqlayan şəxs olması ehtimalı şübhəlidir".

(Yazı Media Hüququ İnstitutunun elan etdiyi müsabiqəyə təqdim olunur)

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV