Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

İnformasiya müvəkkilindən nə xəbər?.. Və ya «İnformasiya Əldə Etmək Haqqında» Qanunun ijrasına nəzarət edəjək İnformasiya Məsələləri üzrə Müvəkkil İnstitutunun yaradılması niyə gejikdirilir?( Ruslan XƏLİL, Bakı-Xəbər Qəzeti)

posted by

İnformasiya müvəkkilindən nə xəbər?..

ya «İnformasiya Əldə Etmək Haqqında» Qanunun icrasına nəzarət edəcək

İnformasiya Məsələləri üzrə Müvəkkil İnstitutunun yaradılması niyə gecikdirilir?

Ruslan XƏLİL

Baki-Xeber  Qəzeti

Müasir dövrümüzü informasiyasız yaşamaq, təsəvvür etmək çox çətindir. İnformasiya qıtlığı, məlumat kasadlığı olan yerdə şübhələr, dedi-qodular «at oynadır». Vətəndaş hökumətdən lazımi informasiyaları ala bilmədikdə, ona olan inamını itirir. Hökumətin informasiyalarının açıq olması korrupsiya, yoxsulluq və digər inkişafa mane olan amillərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət büdcəsindən hər hansı hökumət qurumuna ayrılmış vəsaitin hara və necə xərclənməsi barədə ictimaiyyətə nə qədər dəqiq informasiya verilsə, hökumətin fəaliyyəti bir o qədər şəffaf və səmərəli olar.

Artıq bizim hüququmuz var ki, yarım saatlıq yağışdan sonra Bakının sel-su içində batmasının səbəblərini araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərib, lazım olan informasiyaları alaq. Və Bakı şəhər icra başçısının fəaliyyətini ümumi sözlərlə deyil, konkret faktlara istinad etməklə tənqid edək.

Vətəndaş Kərəm Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin balansında nə qədər boş mənzil olması və onların kimlərə necə paylanması barədə məlumatlar əldə etmək istəyir. O, bununla bağlı müvafiq quruma sorğu ilə müraciət etsə də, cavab ala bilmir.

Digər şəxs isə avtomobil nömrələrinin harada hazırlanması, qanuni qiyməti və xüsusi (asan yadda qalan) nömrələri necə əldə etməklə maraqlanır.

3 il nəşriyyatda çalışmış Elxan Şükürov hərbi xidmətə çağırılır və hərbi nəşriyyatda qulluq etmək istəyir. Amma bunun mexanizmini bilmir və heç bir dövlət qurumu bunu ona aydınlaşdırmır. Əldə edilməsinə ehtiyac olan bu kimi informasiyalar həddən artıq çoxdur və demək olar ki, vətəndaşlar bu cür problemlərlə tez-tez üzləşirlər.

Problemin aradan qaldırılması üçün artıq qanun qəbul edilib

2005-ci ilin dekabr ayında «İnformasiya əldə etmək haqqında» qanun qəbul olunub. Bu qanun vətəndaşlara, o cümlədən jurnalistlərə dövlət orqanlarından, bələdiyyələrdən açıq hesab edilən informasiyaların verilməsini təmin edir.

Amma bu qanunun icrasına nəzarət edəcək İnformasiya Məsələləri üzrə müvəkkil institutu hələ də yaranmayıb. Qanunla, müvəkkil institutu 2006-cı ilin iyun ayında, yəni qanun qüvvəyə minəndən sonrakı 6 ay müddətində yaradılmalı idi.                                                                                                                            

Milli Məclis prezidentin təqdim etdiyi 3 namizəddən birini müvəkkil seçir. Amma qanun prezidentin 3 namizədi necə müəyyənləşdirəcəyinə aydınlıq gətirməyib.

Müvəkkil olmaq üçün qanunda bir sıra şərtlər var. Belə ki, müvəkkil ali təhsilli, informasiya sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik Azərbaycan vətəndaşı olmalı, elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli vəzifələrdə çalışmamalı və başqa dövlətin qarşısında öhdəliyi olmamalıdır.

Müvəkkil Aparatı hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşir. Bununla bağlı müvafiq əsasnamə olmalıdır. Lakin müvəkkil təyin edilmədiyindən, «İnformasiya Məsələləri üzrə Müvəkkilin Aparatı haqqında» əsasnamə, hələ ki, yoxdur.

Müvəkkil öz səlahiyyətlərni icra etmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər.

Amma ekspertlər hesab edirlər ki, müstəsna hallar istisna olmaqla, müvəkkilin geri çağırılması yolverilən olmamalıdır. Bu, onun hakimiyyət qollarından asılı olmaması üçün vacibdir. Amma qanunda müvəkkilin səlahiyyətlərinə əvvəlcədən xitam verilməsi Milli Məclisin və prezidentin ixtiyarındadır.

Açıq informasiyaların sorğuçulara verilməsi üçün müvəkkilin geniş səlahiyyətləri var. Müvəkkil informasiya sorğusunun qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınması, sorğunun qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi, ondan imtinanın qanuni əsaslarını aydınlaşdırması prinsiplərinə əməl etməlidir. Müvəkkilin informasiya sahibindən hesabatlar, izahatlar və sənədlər tələb etmək, informasiya sahibinin daxili istifadə üçün nəzərdə tutulmuş sənədlərlə tanış olmaq və məhkəməyə müraciət etmək hüququ var.

Müvəkkil informasiya əldə edilməsilə bağlı vətəndaşlara hüquqi yardım göstərir, eyni zamanda, informasiya sahiblərinə informasiya xidmətlərinin təkmilləşdirilməsi barədə təkliflərini verir. O, qanunun effektiv işləməsi üçün bütün lazımi işləri görməli, vətəndaşlara dövlət qurumlarından informasiya əldə etmək üçün hüquqi və hətta texniki yardımlar göstərməlidir. Bu isə dövlətin şəffaf idarə olunmasına, qaranlıq məqamların üzərinə gün işığının düşməsinə nail olmalıdır. Müvəkkil daxil olan şikayət ərizəsinə 10 iş günü müddətində cavab verməlidir. O, şikayəti araşdırmalı, bununla bağlı informasiya sahibinin fəaliyyətinin qanuniliyini yoxlamalı və şikayətçiyə cavab verməlidir. Əgər şikayət ərizəsi naqis yazılıbsa və əlavə izahatlara ehtiyac varsa, müvəkkil bu barədə sorğuçuya yazılı məlumat verməklə, şikayətə baxılma müddətini əlavə olaraq 10 iş günü müddəti uzada bilər.

Şikayət ərizəsi anonimdirsə, şikayət konkret informasiya sahibinin fəaliyyəti barədə deyilsə və ya qərəzlidirsə, müvəkkil o zaman şikayəti təmin etməkdən imtina edə bilər. İnformasiya sahibi müvəkkilin göstərişlərini aldıqdan sonra 5 iş günü ərzində onun icrası üçün tədbirlər görür və bu barədə müvəkkilə yazılı şəkildə məlumat verməlidir.

Müvəkkil yola salınan hər il üçün hesabat hazırlamalı və növbəti ilin ilk üç ayı ərzində Milli Məclisə hesabat verməlidir. Hesabatda görülən işlərin ümumi xülasəsi, hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, görülmüş tədbirlərə, qanunun tətbiqilə bağlı digər hallara dair məlumatlar, müvəkkilin rəy və təklifləri öz əksini tapmalıdır. Hesabat müvafiq icra hakimiyyəti orqanına, Ali Məhkəməyə və Baş Prokurorluğa göndərilməlidir. Hesabat müvəkkilin İnternet saytında yerləşdirilməli və Milli Məclisin mətbu orqanı olan «Azərbaycan» qəzetində dərc edilməlidir.

Müvəkkilin səlahiyyəti 5 ildir və 2 dəfədən artıq seçilə bilməz.

İnformasiya müvəkkili – bu da o birilərindən olmayacaq ki?

Ən əsas məsələ müvəkkilin qanunun tələblərini pozan məmurları və dövlət qurumlarını ictimai qınağa çəkməsi və hətta bununla bağlı məhkəməyə müraciət etməsidir. Bu, bir növ müvəkkilin obyektiv, cəsarətli fəaliyyəti deməkdir.

Qeyd edək ki, bu məsələ ən yaralı yerimizdir. Müşahidə olunur ki, əslində müstəqil qurum kimi fəaliyyət göstərməli olan orqanlar daha çox siyasi sifarişlər yerinə yetirir və ya qərəzlilik nümayiş etdirir. Məsələn, Milli Teleradio Şurasının ANS telekanalına lisenziya verilməsi və xarici radioların yayımı ilə bağlı atdığı və nəzərdə tutduğu addımlar əksər ekspertlər tərəfindən qanunsuz hesab edilir.

İnsan haqları üzrə müvəkkilin müxalifətin mitinqləri zamanı işgəncə faktlarına etirazını bildirməməsi, mətbuata qarşı təzyiqlərə reaksiya verməməsi də tənqid olunur.

İctimai Televiziyada ayrı-ayrı dövlət məmurları və dövlət qurumlarının fəaliyyətindən heç bir məlumat verilməməsi və ya yalnız müəyyən sahələrlə bağlı tənqidi verilişlərin efirə verilməsi də diqqətdən yayınmır.

Əsas qanun, yoxsa siyasi iradə?

Qeyd edək ki, əksər ölkədə müvəkkilin seçilmə proseduru oxşardır.

Elə ölkələr var ki, orada müvəkkillik institutu hökumətin bir strukturu kimi fəaliyyət göstərir. Amma həmin ölkələrdə hüququn aliliyi mövcud olduğundan, əlavə problemlər yaşanmır. Bir sıra ölkələrdə informasiya çatımlılığının təşkililə komissiyalar məşğul olur. Bu komissiyalar çox vaxt parlamentdə müxalifət və iqtidar nümayəndələrindən ibarət olur. Qərarlar kollegial qəbul olunur ki, bu da qurumun obyektiv və ədalətli fəaliyyətini təmin edən əsas məsələdir.

Məsələn, Türkiyədə müvəkkili parlament seçir.

Amma Türkiyə parlamentində siyasi qüvvələrin nisbəti yaxın və parlament müstəqil bir qurum olduğundan, konsensus əldə olunur. Hökumət isə parlamentin seçimilə hesablaşır.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, müvəkkilliyə namizədlərin vətəndaş cəmiyyəti tərəfindən irəli sürülməsi daha yaxşı olardı və bu müvəkkillik institutuna olan inamı artırar. «Müvəkkil siyasətdən uzaq, peşəkar və nüfuzlu şəxs seçilsə, daha yaxşı olardı» deyən R.Hacılı yalnız ictimai müzakirələrdən sonra müvəkkilliyə namizədlərin adlarının Milli Məclisə göndərilməsini əhəmiyyətli sayır. Onun sözlərinə görə, parlamentdə çoxluğun  hökumətdə olan partiyadan ibarət olduğu, xüsusilə də, parlamentin prezidentin irəli sürdüyü namizədlərdən ən pisini seçməyə meylli olduğu nəzərə alınsa, gözlənilən təhlükə qaçılmazdır: «Bu mənada mən sizinlə razıyam ki, İnformasiya müvəkkili Milli Teleradio Şurası, insan haqları üzrə müvəkkil, İctimai Televiziya kimi qurum olacaq. Amma hər halda, müvəkkillik institutunun yaradılması, prosesin getməsi baxımından vacibdir». 

İREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli hesab edir ki, informasiyaların yayılması və eyni zamanda informasiya əldə etmək istəyən insanların hüquqlarının tənzimlənməsi baxımından müvəkkil filtr rolunu oynayır. O, dövlət qurumları ilə informasiya alan subyekt arasındakı narazılığı məhkəmə prosesi olmadan yoluna qoyacaq bir qurum olacaq.

Bu vaxta qədər müvəkkil institutunun yaradılmamasından təəssüfünü ifadə edən hüquqşünas bildirdi ki, bu günə qədər parlament müvəkkil institutunun yaradılması ilə bağlı heç bir təşəbbüs irəli sürməyib.

Ə.Məmmədlinin sözlərinə görə, informasiya üzrə müvəkkilin təyin edilməsi ləngiyir və bu, cəmiyyətin mənafelərinə ziyandır: «Bu qurumun və strukturun formalaşması xeyli vaxt aparacaq. İşçilərin və mütəxəssislərin cəlb edilməsi, onların əməkhaqlarının müəyyənləşdirilməsi vaxt aparacaq.

Mən hesab edirəm ki, hamının qəbul edə biləcəyi bir şəxsin müvəkkil seçilməsi üçün indidən ictimai müzakirələr aparılmalıdır. Qanunda göstərilib ki, namizədlər prezident  tərəfindən irəli sürülür və parlament onu təsdiq edir. Amma bu o demək deyil ki, parlament namizədlərin müəyyənləşməsini ictimai müzakirəyə çıxarmamalıdır. Yaxşı olardı ki, geniş diskussiya təşkil edilsin və namizədlər cəmiyyətin süzgəcindən keçsin. Belə olarsa, əvvəllər rastlaşdığımız problemlərlə bir daha qarşılaşmazdıq. Yaxud da narazılıqlar bir qədər aşağı səviyyədə olardı».

Qanun layihəsinin hazırlanmasında iştirak edən «Gün Səhər» qəzetinin baş redaktoru Arif Əliyev «İnformasiya Əldə Etmək Haqqında» qanunun əvvəlcədən başıbəlalı, bir çox müzakirə və mübahisələrə səbəb olduğunu söylədi: «Qanunun müzakirəsi, qəbulu və prezident tərəfindən təsdiq olunması çox vaxt apardı. İndi də qanunun icrası ləngiyir. Bunun nə ilə bağlı olması barədə məndə məlumat yoxdur. Ehtimal etmək olar ki, müvəkkilin seçilməsilə bağlı hakimiyyət qəti qərar verə bilmir». Müvəkkilliyə namizədlərin prezident tərəfindən müəyyənləşdirilməsinin və Milli Məclis tərəfindən seçilməsinin xaricdə də normal prosedur kimi qarşılandığını deyən A.Əliyevin sözlərinə görə, söhbət namizədlərin və seçiləcək müvəkkilin bilik və qabiliyyətindən, cəmiyyət tərəfindən qəbul olunmasından gedə bilər: «Elə bir adam müvəkkil olmalıdır ki, onu cəmiyyət qəbul edə bilsin».

Baş redaktorun fikrincə, informasiya əldə etməklə bağlı ölkədə çox ciddi problemlər var. İnformasiyanın ictimaiyyətə açıqlanmaması, həm qanuni prosedurun olmaması və həm də mental dəyərlərlə, təfəkkür tərzilə bağlıdır.

 Yazı Media Hüququ İnstitutu və Almaniyanın Fridrix Ebert Fondunun élan etdiyi müsabiqəyə təqdim edilir

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV