Thursday 21st November 2024,

Təhlil və şərhlər

Ξ Leave a comment

Təhsil Nazirliyi məktəb tikməyə tələsir… Göyçayda yeni tikilən məktəbin adı var, özü yox… (Şəhla Əbusəttar Himayədar Jurnalı)

posted by

Təhsil Nazirliyi məktəb tikməyə tələsir…

Göyçayda yeni tikilən məktəbin adı var, özü yox…

Şəkidə isə yeni tikilmiş məktəbin tutumu az olduğundan uşaqlar sovet dönəmindən yarıtikili qalmış, yarıuçuq binada da dərs keçməli olurlar

«Məktəb tikintisi Proqramı» çərçivəsində görüləcək işlərə ayrılmış büdcə vəsaitlərinin səmərəli xərclənməsi hər birimizin marağındadı. İctimaiyyət qarşısında hesabatlılığ, vəsaitlərin xərclənməsində şəffaflığın təmin olunması bu sahəyə ayrılmış vəsaitlərin səmrəli xərclənməsini təmin edə biləcək əsas şərtlərdəndi. Ona görə ki, bu yolla Azərbaycan insanının təhsil hüquqlarının qorunmasına nail olmaq mümkündür. Təhsilin insan həyatındakı ən vacib məqamlardan biri olmasını nəzərə alsaq, bu hüququn pozulmasının sonda on minlərlə Azərbaycan vətəndaşının yaşamını hansı istiqamətlərə yönəltiyini bu yazıda xırdalamaq fikrində deyilik. Sadəcə,  Xaçmaz, Göyçay və Şəki rayonlarında, eləcə də Sumqayıt şəhərində sözügedən proqram çərçivəsində 2005-ci ildə təhvil verilmiş işlərlə ictimaiyyəti tanış etmək istərdik. Təqdim etdiyimiz faktlara qiymət vermək isə, hər bir oxucunun öz hüququdur.

Təhsil Nazirliyinin saytı

Müasir dünyamızda internet istənilən məsələ ilə bağlı istənilən vaxt geniş informasiya əldə etmək imkanları verir. Son illər dövlət qurumları ilə ictimaiyyət arasında əlaqələndirici, məlumatlandırcı olan veb səhifələrin hazırlanmasına kifayt qədər vəsait ayrılır. Ancaq təəssüf ki, dövlət qurumlarının veb səhifələrində məlumat əvəzinə yalnız yüksək çinli məmurların ayrı-ayrı görüşlərdə iştirakı barədə məlumatları vaxlı-vaxtında almaq olur. Qalan hallarda isə sizi «səhifə hazırlanır» sözlərindən başqa heç nə gözləmir. Təhsil Nazirliyinin internet səhifəsinə gəlincə, burada proqramlar, monitorinq və hesabatlar, təhsilin iqtisadiyyatı və bu kimi çox önəmli məlumatları özündə əks etdirməli olan səhifələrdə də sizi yalnız bu sözlər sevindirəcək – «səhifə hazırlanır». Maraqlıdır ki, bu hazırlanma prosesi aylar və illərlə davam edir. Nəticədə isə səhifədə mühüm əhəmiyyət kəsb edəcək heç bir informasiyanı əldə etmək mümkün deyil. Məsələn, elə bu il təhsil sahəsi ilə bağlı statistik məlumatları götürək. Sentybrın 15-də orta məktəbə ümumilikdə nə qədər şagirdin getdiyini, ibtidai, əsas və orta təhsil alan şagirdlrin sayı,  məktəbəqədər təhsil müəssilələrindəki uşaqların sayını dəqiqləşdirmək üçün bu saytda heç bir informasiya yoxdursa, onun hansı məlumatlandırma məqsədi daşıdığını demək çətindir. Zənnimizcə, bu kimi məsələlərdə qurumun dünya təcrubəsindən bəhrələnmsi çox yaxşı olardı.

Məlumatı gizləməyin səbəbi nədir?

Bu suala oxucularla birgə cavab axtaracayıq. Hələliksə, gedişat barədə. Yuxarıda qeyd etdiyimiz məkanlarda nə kimi işlərin görüldüyü ilə bağlı may ayının 3-də təhsil naziri Misir Mərdanova məktub ünvanladıq. Məktubdakı suallar 2005-ci illərdə adları çəkilən rayonlarda və Sumqayıtda hansı işlərin görüldüyünü, tikintilərin ayrı-ayrılıqda smetasının müəyyənləşdirilməsi, tikintini aparan qurumların hansılar olduğunu öyrənmək, planlaşdırılmış işlərin neçə faiz yerinə yetirildiyini və TN-nin nə dərəcədə qane etdiyini öyrənmək məqsədi daşıyırdı. Beş sualdan ibarət məktuba nazirliyin aparat rəhbəri İlham Pirməmmdovun imzası ilə 26 may 2006-cı il tarixdə aldığımız cavabda yalnız bir sual cavablandırılmışdı ki, bu da həmin müddət ərzində hansı məktəblərin istifadəyə verildiyini qismən bildirirdi (araşdırmalar zamanı  verilən məlumatlarla reallıq arasında ciddi fərqlərin olduğun aşkarlamışıq və bu barədə sonra – müəl.).

Daha sonra 30 may 2006-c il tarixdə təkrar bu suallarla nazir M.Mərdanova ikinci yazılı  müraciəti etdik. Bizə məlum olmayan səbəblərdən ötən məktubu «cavablandırmaq üçün» qurumun başqa bir şöbəsinə ünvanlayan nazir bu dəfə məktubu nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadəyə ünvanladı. Biz də mütəmadi telefonla əlaqə yaradıb suallarımızın nə zaman cavablandırılacağı ilə bir neçə dəfə maraqlındıq. Amma nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsini öz şəxsi evi hesab edən B.Hüseynzadə təkrar-təkrar zənglərimizdən qeyzlənərək  «onun zəhləsini tökdüyümüzü» açıq mətnlə ifadə etdi. Bu qeyri-etik davranışla bağlı 20 iyun 2006-cı il tarixdə Misir Mərdanova müraciət etdik və eyni zamanda mətbuatda bu məsələnin işıqlandırılmasına nail olduq. Nəticəsi o oldu ki, 29 iyun 2006-cı il tarixdə aldığımız məktubda B.Hüsyenzadə aidiyyatı şəxslərin artıq məzuniyyətə getməsi ilə əlaqədar suallarımızı cavablandırmağın mümkün olmayacağını bildirdi.  Halbu ki, bizimlə qeyri-etik davrandığı müddət ərzində bu sualları kifayət qədər cavablandırmaq imkanı vardı. Bu da təxminən 2 ay müddətində dövlət qulluqçusu olaraq sadə vətəndaşların və hüquqi müəssisə və təşkilatların ödədiyi vergidən, eyni zamanda hər bir azərbaycanlının haqqı çatan neft gəlirlərindən formalaşan büdcədən əmək haqqı alan B.Hüseynzadənin görməyə borclu olduğu işin nəticəsi idi. B.Hüseynzadənin əndazəyə sığmayan hərkəti barədə nazirə müraciətimiz isə bu günədək cavabsız qaldı. (Bəlkə elə bunun nəticəsidir ki, başqa bir xanım jurnalist həmkarıma B.Hüseynzadə daha təhqiramiz ifadələr deymişdi və o xanım da  abrına qısılıb hətta bu barədə açıqlama da verməmişdi- müəl.) Qeyd edim ki,  İ.Pirməmmədov, B.Hüseynzadə telefon söhbətləri zamanı görülmüş işlərin dəyəri ilə bağlı suallardan qıcıqlandıqlarını gizlətməmişdilər. B.Hüseynzadə –  «az qalıb sinif otaqlarının da qiymətini soruşan» (!), İ.Pirməmmədov isə – «sizin bu  rəqəmləri öyrənməkdə nə məqsədiniz var» – deyərək araşdırmadan narazılıqlarını büruzə vermişdlər. Təəssüf ki, Təhsil Nazirliyi kimi mötəbər bir qurumun işçiləri, bu maliyyə məsələləri ilə bağlı məlumatların hər bir azərbaycanlı üçün açıq və əlçatan olmasının vacibliyini və bura xərclənən vəsaitlərinin onların şəxsi cibindən deyil, dövlətin büdcəsindən ayrıldığını unudurlar. Bu kimi məlumatların qapalı saxlanılmasının hansı səbəbləri ola bilər? Biz bu sualı bəri başdan cavablandırmaq istəmirik. Təbii ki, görülmüş işlərlə bağlı apardığımız araşdırmaların nəticəsi ilə tanış olduqdan sonra hər bir kəs bu sualın cavabını biləcək. Gizlətməyə səbəblər çoxdur…

Təhsil Nazirliyində «riyaziyyatı» sevmirlər

Hərçənd ki, nazirin özü riyaziyyatçıdır və şəksiz hesablamaları yüksək səviyyədə bilir. Yuxarıda məlumatın verilməməsi ilə bağlı ilk mərhələ barədə başımıza gələnləri açıqladıq. Amma avqust ayında, yəni müraciətimizdən 3 ay sonra (hansı ki, nazirliyin eyni zamanda iki – KİV və İnformasiyanın əldə edilməsi haqqında qanunlarını pozması ucbatından biz araşdırmamızın müddətini daha iki ay uzatmalı olmuşduq- Ş.Ə.) nazirlikdən şifahi dəvət aldıq. Bizə bildirildi ki, suallarımız imkan daxilində cavablandırılacaq, amma yalnız şifahi. Bu da maraqlıdır ki, soruları yazılı tələb edən bir çox dövlət qurumları mətbuatın suallarını adətən yazılı cavablandırmaqdan ehtiyatlanırlar. Eləcə də Təhsil Nazirliyi.

Qurumun iqtisadiyyat şöbəsinin rəhbəri Həmid Zeynalova iki dəfə nazirə ünvanladığımız sualları yenidən ünvanladıq. Proqram çərçivəsində görülmüş işlərlə bağlı müəyyən suallar cavablandırılsa da, Həmid müəllim tikintini həyata keçirmiş qurumular və tikintilərin dəyəri barədə məlumat verməkdən imtina edərək birmənalı olaraq «olmaz» dedi. O, həmçinin ümumilikdə 2005-ci ildə sözügedən proqram çərçivsində nə qədər vəsai ayrıldığıı barədə suala «bu rəqəmləri mən sizə deyə bilmərəm» söylədi. Vəsait anlayışı riyaziyyatla bağlı assosiasiyalar yaradır. Və bu anlayışla bağlı sualların cavablandırılmaması belə bir təəssürat yaradır ki, təhsilə cavabdeh qurumda ümumiyyətlə riyaziyyatı sevmirlər. Amma bununla belə Həmid müəllim müəyyən qədər rəqəmlərin dili ilə danışdı.

H.Zeynalov 2005-ci ildə «Məktəb tikintisi Proqramı» çərçivəsində 2580 yerlik 12 məktəbin, 24 məktəb üçün isə 2860 yerlik əlavə korpus və sinif otaqlarının tikildiyini bildirdi. Həmid müəllim onu da bildirdi ki, 240 yerə qədər tutumu olan məktəblər üçün layihələrdə idman zalı nəzərdə tutulmayıb və bu səbəbdən də kiçik məktəblərin heç birində idman zalları tikilməyib: «Tikintiləri Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçirdiyi tenderlərdə qalib gəlmiş tikinti təşkilatları aparıb. Onların hansı təşkilatlar olduğunu deyə bilmərik».

Həmid müəllimdən öyrəndik ki, yeni  tikilmiş məktəbləri  yerli icra hakimiyyətləri tərəfindən yaradılmış komissiyalar təhvil alıblar.

O ki, qaldı tikinti işlərinin TN-i nə dərəcədə qane etməsinə, Həmid müəllim nazirliyin işlərdən razı qaldığını bildirdi. Demək tikinti təşkilatları ilə nazirlik arasında hər hansı anlaşılmazlıq və narazılıq olmayıb və hər şey qarşılıqlı anlaşma şəraitində başa çatıb.

Bir qədər rəqəmlər…

2005-ci ildə «Məktəb tikintisi Proqramı» çərçivəsində görüləcək işlər üçün dövlət tərəfindən 39774.0 milyon manat vəsait ayrılıb ki, bu təqribən 9 milyon ABŞ dollarına bərabərdir. Sizləri görülmüş işlərlə tanış edəndə ayrılmış vəsaitlə görülmüş işlər arasındakı tərs mütənasibliyi özünüz görəcəksiz. Qeyd edək ki, biz bəzi məktəblər üçün  arylıqda  xərclənmiş vəsaitlərin də həcmini müəyyənləşdirə bilmişik. Amma bu barədə ayrı-ayrılıqda məktəblərlə sizləri tanış edəndə məlumat verəcəyik.

Məktəb müəllimləri 95 dollarlıq stulda əyləşir, uşaqlarsa bu qiymətə başa gələn lövhələrdən istifad edirlər

M.Mərdanovun açıqladığı rəqəmlərə əsasən, 2005-ci ildə sözügedən proqram çərçivəsində 3836 yerlik 20 məktəb tikilib. Bu halda hər məktəb büdcəyə orta hesabla 440 min dollardan artıq məbləğə başa gəlib.

Daha sonra 2005-ci ildə məktblərin avadanlıqla təminatı üçün 10 milyard manat vəsait ayrılıb və ümumilikdə 4 adda (şagird masası, müəllim masası, müəllimlər üçün stul v lövhə) avadanlıq alınaraq 30 məktəbə paylanıb. Rəqəmlərə inansaq, belə görünür ki, bir məktəbə orta hesabla 74 min dollarlıq avadınlıq verilib. Və avadanlıqların biri orta hesabla 95 dollara başa gəlib ki, bu da xüsusilə stul və yazı lövhələrinin istehlak bazarındakı qiymətlərindən qat-qat artıqdır.

2005-ci ildə həmçinin 20 milyard manat Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramına ayrılıb ki, bu vəsaitə də 5644 kömpüterin alındığı bildirilir. Rəqəmlərə əsaslansaq, məktəblərə dəyəri orta hesabla 800 dollar olan kompüterlərin alındığı bildirilir. Amma bu gün orta məktəblərdə istifadə olunan kömpüterlərin əksəriyyətinin parametrlərinə görə, daha ucuz qiymətə alındığını demək mmkündür.

Məktəb tikintisi niyə vacibdir?

Ötən il iyulun 1-də nazir M.Mərdanovun keçirdiyi mətbuat konfransındakı çıxışından bəzi məqamları xatırlatmaq istərdik. M.Mərdanov TN-in apardığı araşdırmalar nəticəsində 500-dən artıq məktəbin yararsız və qəza vəziyyətində olduğunu bildirmişdi. Nazir 2003-2007-ci illəri əhatə edəcək proqram çərçivəsində  44698 yerlik 149 yeni məktəbin, 175 məktəbdə 25260 yerlik 1328 sinf otağının tikiləcəyi və 408 məktəbdə əsaslı təmir işlərinin aparılacağının nəzərdə tutulduğunu vurğulamışdı. O, həmçinin 2005-ci ildə isə proqram çərçivəsində 7844 yerlik 25 yeni məktəbin, 37 mövcud məktəbdə 5760 yerlik 342 əlavə sinif otağının tikiləcəyini bildirmişdi («525-ci qəzet» 2 iyul 2005-ci il. – müəl.).

Qeyd edək ki, nazirlikdən veriln məlumata əsasən «Məktəb tikintisi Proqramın»ının (2003-2007) ümumi dəyəri 344347.8 milyon manatdır ki, bu da təxmini hesablamalara görə, 76 milyon dollardan artıq vəsait edir.

Biz də tərəfimizdən içərisində dərs keçilməsi mümkün olmayan belə məktəblərdən biri ilə tanış olduq. Bu, Xaçmaz rayon Çiləgir kənd məktəbidir.

Dad yarımçıq əlindən…

Sivil ölkələrdə çatışmayan bir nəsnə varsa, o hazırlanarkən yüz ölçülüb, bir biçilir ki, problem aradan qaldırılandan uzun illər sonra onun üzərinə yenidən qayıtmağa ehtiyac olmasın. Təəssüf ki, «Məktəb tikintisi Proqramı» çərçivəsində görülmüş işlərdə bu prinsipə riayyət edilməyib. Yeni tikilmiş məktəblərlə tanış olduqca, aydınlaşır ki, hər məktəbdə çatışmayan ciddi bir problem qalmaqdadır. Xaçmazdakı idman zalı perspektivdə qalan Çiləgir kənd məktəbi 240 yerlikdir. 24 sinif otağı olan bu məktəb şəhid Əfqan Yəhyayevin adını daşıyır. Məktəbin direktoru Hacıağa Yəhyayevlə görüşüb yeni məktəblə bağlı xeyli məlumat əldə etdik. Hacıağa müəllim bildirdi ki, tikintini tenderdə qalib gəlmiş, Bakıdan olan 34 saylı Tikinti İdarəsi (Haşiyə çıxıb qeyd edim ki, bu proqram çərçivəsində iş görmüş tikinti təşkilatlarından yeganəsidir ki, biz onun adını öyrən bilmişdik. Amma təəssüf ki, məlumat bürosundan onun ünvanını və telefonunu xəbər aldıqda belə bir qurumun olmadığını bildirdilər- müəl.) aparıb: «Tikintiyə yerli işçi qüvvənin cəlb edilməsi üçün əlimdən gələni etdim. 20 nəfərdən artıq Çiləgir sakin iki il aparılan tikintidə çalışıb və əmək haqqı alıb. Doğrudur, əmək haqlarının verilməsində yubanmalar olurdu və bunu vəsaitin olmaması ilə izah edirdilər. Amma gec də olsa, demək olar ki, tikintidə çalışan hər kəs zəhmətinin haqqını ala bilib. Tikintidə arada dayanmalar da olurdu və bu səbəbdən çox da böyük olmayan məktəb iki ilə tikilib istifadəyə verilib. Dayanmaların da səbəbi vəsaitin olmaması ilə izah edilirdi».

Çiləgir məktəbi 240 yerlik nəzərdə tutulsa da, burada ötən il 280 nəfər uşaq təhsil alıb. Bu baxımdan məktəbin tutumunun düzgün nəzərə alınmadığını vurğulamaq yerinə düşərdi. Layihədə idman zalı və ayaqyolunun içəridə olması nəzərdə tutulsa da, ayaqyolu məktəbin həyətində tikilib, idman zalı isə heç direktora da tam aydın olmayan səbəblərdən tikilməyib: «Ayaqyolunun həyətdə tikilməsini mən özüm tələb etmişəm. Ona görə ki, su və yaxud su xətlərində problem yaranarsa, kənd yerində onu aradan qaldırmaq elə tez başa gəlmir. Bu isə antisanitariya deməkdir. İdman zalının tikilməsini isə hansı səbəblərdən təxirə salındığını mən özüm də tam bilmirəm. Dedilər ki, idman zalını prespektivdə saxlayırıq. Ona görə də açıq havada idman dərsləri keçirməyə məcburuq».

Hacıağa müəllim köhnə məktəbin həddən artıq bərbad vəziyyətində olduğunu vurğulayaraq «məktəbi tikiblər, buna da şükür edirik» – dedi. Heç biz də naşükürlük etmək fikrində deyilik. Sadəcə, bu məsələnin maliyyə tərəfinin olduqca vacibliyini və büdcə vəsaitlərinin maksimum səmərəli xərclənmsinin önəmliliyini də unutmaq olmaz. Yeni məktəblə bağlı Çiləgir kənd sakinlərinin və uşaqların arasında apardığımız söhbətlərdən də bəlli oldu ki, məktəbdən narazılıq etmirlər. Köhnə məktəbi uçuq daxmadan fərqlənməyən kəndin böyüklü-kiçikli sakinlərinin belə fikirdə olması təbii haldır.

Yeri gəlmişkən, idman dərslərinin səmərəli keçirilməsi üçün Çiləgir məktəbinin həyətində də hətta o qədər əlverişli şərait yoxdur. Ayaqyolunun uşaqlar üçün nəzərdə tutulmuş hissəsinə isə su çəkilməyib. Doğrudur, məktəbin direktoru burada su probleminin xadimələr vasitəsilə aradan qaldırıldığını bildirdi: «Onlar gün ərzində oranı bir neçə dəfə yuyub təmizləyirlər». Güman edirik ki, TN-in məsullarına izah etməyə ehtiyac yoxdur ki, su təkcə təmizlik üçün deyil, həm də uşaqların müəyyən tərbiyələri alması üçün çox əhəmiyyətlidir.

Məktəblərin avadanlıqla təchiz olunmasında qaranlıq məqamlər var

Bu məqamlar ondan ibarətdir ki, əvvəla, məktəbə gərək olduğundan az avadanlıq gətirilib. Daha sonra bu avadanlıqların təhvil-təslim məsələsi müəmmanın ən başlıcasıdır. Hacıağa müəllim bildirdi ki, avadanlıqların gətirilməsi məktəbin öz hesabına başa gəlib «İki sinfimizə avadanlıq azlıq elədiyindən köhnə partadardan istifadə etmək məcburiyyətində qaldıq. Nisbətən yaxşı vəziyyətdə olan partalardan bura yığdıq ».

Direktorun sözlərin görə, avadanlığın təhvil alınması ilə bağlı bir akt tərtib olunub ki, burada da yalnız hansı adda avadanlıqdan neçə ədəd gətirildiyi qeyd olunub. Belə ki, nə ayrılıqda avadanlıqın bir vahidinin qiyməti, nə də ümumi saya nisbətdə qiymət aktda öz əksini tapmayıb: «Mən bununla bağlı müraciət etdikdə dedilər ki, aktda vahidin qiymətini yaza bilmərik. Ancaq mən bu il avadanlığın dəyəri əsasında rayon maliyyə şöbəsi ilə sənədləşdirmə aparmalı və yeni əmlakı məktəbin balansına əlavə etməliyəm. İndi bu məsələnin necə olacağı bəlli deyil».

Direktorun malik olduğu məlumata görə, Çiləgir məktəbi 1.600 milyon manata başa gəlib. Bizimsə qeyri-rəsmi yollarla əldə etdiyimiz məlumatda məktəbin dəyərinin 1.257 milyon manat olduğu bildirilir. Təəssüf ki, dəqiq və rəsmi məlumatı izahı olmayan səbəblərdən nazirlik açıqlamaq istəmir.

Hacıağa müəllimin sözlərinə görə, baş verən anormallıqlar «Təhsil Haqqında» Qanunun olmaması ilə bağlıdır:

«Mən səbirsizliklə qanunun qəbul edilmsini gözləyirəm. Ondan sonra bütün bu problemlər öz həllini tapacaq və ümumiyyətlə hər şey qanunla tənzimlənəcək».  

 Xaçmazın Hacıisaoba kəndində üç otaqlı ibtidai məktəb tikilib. Məktəbin direktoru Kəmalə Həbibovanın sözlərinə görə, məktəbin tikintisinə başlayandan xeyli sonra bu barədə biliblər. İbtidai məktəb binası üç sinif otağından ibarətdir. Kəmalə xanım bildirdi ki, əslində layihəyə görə, məktəb hasarla əhatə olunmalı idi və 21 sot həyətyanı sahəsi olmalıymış: «Bir də xəbər tutduq ki, artıq tikirlər. Burada isə həyətyanı sahəni ayırmaq üçün nəinki 21, heç 4 sot yer yoxdur».

Direktor məktəbin nə həcmdə vəsaitə başa gəldiyi barədə hər hansı məlumata malik olmadığını bildirdi. Onu da qeyd etdi ki, hətta təhvil-təslim prosesində iştirak etməyib və hər hansı sənədi imzalamayıb. Çiləgir məktbində olduğu kimi bu məktəbin istilik sistemi yoxdur və otaqlar odun sobası ilə qızdırılır. Bu ağ divarların odun sobasının hisindən qısa bir vaxtda nə vəziyyətə düşəcəyini təsəvvür etməksə çətin deyildi. Sakinlər və balacalara gəlincə, onlar məktəbdən razıdırlar.  

Rayon Təhsil şöbəsinin tikintidən xəbəri yoxdur

Bunu da sözügedən qurumun rəhbəri İslam Zahirov bildirdi. Onun sözlərinə görə, Hacıisaobada məktəbin tikildiyindən heç təhsil şöbəsinin də xəbəri olmayıb: «Biz bələdiyyə ilə danışıb məktəb üçün tamam başqa bir yerdə torpaq sahəsi almışıq, məktəb isə başqa bir yerdə tikilib».

İslam müəllim yeni məktəblərdə istilik sistemlərinin olmamasını mənfi hal hesab edir: «Yeni əsrin məktəbi belə olmamalıdır. Çiləgirdə idman zalının tikilməməsi ilə bağlı biz icra hakimiyyətinə, TN-ə müraciət etdik. Vəsait yoxdur deyib dürdülar».

İslam müəllim onu da vurğuladı ki, məktblərin təhvil-təslim məsələsində təhsil şöbəsi iştirak etməyib: «Avadanlığı isə bizim hesabımıza gətirmişik».

Şəkinin Vərəzət kəndində 2005-ci dərs ilində 320 yerlik məktəbin açılışı olub. Bina tikilməyinə tikilib. Amma onun çox uzun bir tarixçəsi var. Vərəzət sakinləri ilə söhbətdən bəlli oldu ki, əslində hələ 80-ci illərin sonunda kəndin tələbatı nəzərə alınaraq burada 520 yerlik məktəbin inşasına başlanıb. Amma quruluş qısa bir zamanda dağıldığından məktəbin tikintisi yarımçıq qalıb. Təqribən 20 ilə yaxın bir müddətdə Vərəzətin uşaqları yarıtikili «yeni» və uçmaqda olan köhnə məktəb binasında dərs keçməli olublar. TN bu kənddə məktəb binasını yenidən tikmək təşəbbüsündə bulunanda kənd sakinləri çox seviniblər. Məktəbin qapısı bağlı olduğundan biz yalnız ona xaricdən baxa bildik. İnsafən, xarici görünüşü səliqə-sahmandan xəbər verir. Amma köhnə yarıtikilinin də işlək vəziyyətə gətirilməsi bizim diqqətimizi çəkdi. Yeni məktəb varsa, bu uçuq, pəncərələri şüşə əvəzinə sellofanla bağlanmış  yarıtikilidə dərs keçmək nə üçün. Heç demə, bu, ehtiyacdan irəli gəlir. Bu məktəbində idman zalının olmaması diqqətimizi çəkdi. Tikintinin keyfiyyətində də nəzərə çarpacaq problemlər vardı. Bu barədə rayon təhsil şöbəsinin rəhbəri ilə söhbəti təqdim edəcəyik. Sakinlərsə onu da qeyd etdilər ki, Vərəzətdə ciddi su problemi var və kəndin suyu hətta adi ehtiyacları ödəyəcək qədər deyil. Onlar məktəbə də suyun çəkilməməsini bu baxımdan mənfi hal kimi qeyd etdilər.

Tikilməsi mümkün olmayan məktəbdə oxumaq olar

Bu Təhsil Nazirliyinin qərarı olub. Sakinlərlə söhbətdən bəlli oldu ki, TN bu kənddə məktəb tikməyə qərar verdikdə əvvəlcə köhnə korpusa baxış keçirilib və müəyyənləşdirilib ki, bu korpus tikilmək və istifadə üçün kifayət qədər yararsızdı. Yarımçıq məktəbin iki korpusundan biri dağıdılaraq yerində bu 320 yerlik 27 sinif otağı olan yeni məktəb binası tikilib. Məktəb üçün istilik sistemi nəzərdə tutulmayıb. Ayaqyolu məktəbin içində tikilsə də, su olmadığından ondan istifadə etmək mümkün deyil. Həyətdə tikilən ayaqyoluna isə ümumiyyətlə su çəkilməyib. Məktəb üçün kompüter otağının tikildiyini də bildirən sakinlərin sözlərinə görə, otaq var, kompütersə hələ yoxdu. Bu şəraitdə təhsil alan Vərəzət uşaqlarından bu il cəmi 4 nəfər ali məktəbə qəbul olub.

Şəki təhsil şöbəsinin rəhbəri Firudin İbrahimov və Vərəzət məktəbinin direktoru Ələkrəm Məmmədovla elə birincinin qəbulundaca görüşə bildik. Firudin müəllim öncə qeyd etdi ki, məktəb texniki qaydalar nəzərə alınmadan tikildiyindən elə təhvil götürülən zaman iki əsas divardan paralel çatlar aşkarlanıb. Kifayət qədər böyük olan çatlar nişan qoyulub və sonradan genəlmənin getmədiyini aydınlaşdırılıb və bu təhsil şöbəsi rəhbərliyini bir qədər sakitləşdirib: «Şəki seysmoloji baxımdan aktiv zona sayıldığından bu, bizi çox narahat edirdi. Ümid edirik ki, daha böyük problem yaranmayacaq».

Vərəzət məktəbi üçün idman zalının tikilməməsinə gəlincə, Firudin müəllim bunu pedaqoji baxımdan qeyri-normal yanaşma adlandırdı. Haşiyə çıxıb qeyd etmək istərdik ki, Təhsil Nazirliyindən Həmid Zeynalovun yalnız 240 yerlik və daha yuxarı tutumlu məktəblərdə idman zallarının tikilməsinin mümkün olduğunu bildirmişdi. Firudin müəllimsə hesab edir ki, 500, yaxud 200 nəfərin arasında oxumasından asılı olmayaraq hər bir uşağın təhsil proqramından tam yararlanmaq hüququ var: «Bu düzgün pedaqoji yanaşma deyil».

Məktəb direktoru Ələkrəm müllimin sözlərinə görə, Vərəzətdə ötən il 444 uşaq oxuyurmuş: «Tikinti zamanı uşaqların sayı nəzərə alınmayıb. İdman zalı ilə bağlı mümkün olan hər yerə müraciət etsək də, nəticəsi olmadı».

Məktəbin dəyərinə gəlincə, təhsil şöbəsinin rəhbəri, məktəbin direktoru bunun hansı məbləğdə olduğunu bilmədiklərini dedilər. Ələkrəm müəllim də avadanlığın Xaçmzdakı dəst-xətt ilə gətirildiyini təsdiqlədi. Məktəb üçün avadanlıq alan məktəb direktorları tədris müəssisəsinin balansına düşən invertarın dəyərini bilmir. Bu isə, yerlərdə olan məsulların deyil, TN-in hansısa maraqlarından irəli gəlir. Vərəzətdəki boş kömpüter otaqlarının isə yalnız dərs ilinin sonuna avadanlıqla təchiz ediləcəyi gözlənilir. Bunu da Firudin müəllim bildirdi.

Göyçayda məktəb binasının adı var, özü yox

Göyçayda görülmüş işlərlə bağlı Təhsil Nazirliyindən əldə etdiyimiz yazılı məlumata görə, 2005-ci ildə şəhər 8 saylı əsas və Çaxırlı kənd əsas məktəbləri üçün yeni bina tikilib istifadəyə verilib. Biz 8 saylı məktəb binasına xaricdən baxış keçirə bildik. İdman zalı və qazanxanası var. Sakinlər bildirdilər ki, ayaqyolu məktəbin içində də var, həyətində də. Uşaqlar məktəbin səliqəli, təmiz olduğunu hesab edirlər. Amma böyüklər bu fikirdə deyil. Məktəbin direktoru Sədaqət Umudovanın sözlərinə görə, yenicə təhvil verilmiş məktəbi artıq bu il öz hesablarına təmir etməli olublar: «Tikintinin neçəyə başa gəldiyi barədə məlumatım yoxdu. Amma suvaq keyfiyyətsiz vurulub, bəzi xırda-para qüsurlar var. Bu il yenidən təmir eləməli olduq».

Valideynlər də bu il yeni istifadəyə verilmiş məktəbin təmirinə vəsait toplamaq məcburiyyətində qaldıqlarını bildirdilər. Onların sözlərin görə, məktəb tikiləndə ümid edirmişlər ki, azı 5 il təmirə pul toplamaqdan canları qurtaracaq.

Sədaqət müəlimə bildirdi ki, məktəbin içində və həyətdə ayaqyolu tikilib: «Soyuq aylarda uşaqlar içəridən, isti aylarda isə həyətdəki ayaqyolundan istifadə edəcəklər». Həyətdəki ayaqyoluna suyun çəkilmədiyinə gəlincə, Sədaqət müəllimə yeni tikildiyini və yaxınlarda suyun da çəkiləcəyini bildirdi: «Amma ərazidə su problemi var. Söz veriblər ki, yaxınlarda bu problem həll olunacaq».

Bu məktəbə də avadanlıq əvvəlki məktəblərdə olduğu kimi verilib. Məktəbin 12 kompüteri var. Amma avadanlığlardan nəyin neçəyə olduğu barədə müəssisə rəhbərinin məlumatı yoxdur: «Baş təchizat idarəsi isə şəhər icra hakimiyyəti balansa oturdub. Mən nəyin neçəyə olduğunu bilmirəm».

Çaxırlı da isə doğrudan da iki məktəb var, amma Təhsil Nazirliyinin dediyi məktəblər yoxdu. Biz kəndin iki köhnə məktəb binası ilə tanış olub sakinlərdən yeni binaların harada olduğunu soruşanda, onlar bunu təəccüblə qarşıladılar. Sakinlər bildirdilər ki, yalnız Çaxırlının bir əsas məktəbi təmir olunub. Rayon təhsil şöbəsindən əldə etdiyimiz məlumata görə, Çaxırlıda vur-tut 60 yerlik 3 sinif otağı tikilib. Bunu isə əsas məktblər üçün bina adlandırmaq olmaz. Belə məlum olur ki, TN-in rəhbər işçiləri ictimaiyyət qarşısındakı hesabatlılığın məsuliyyətini o qədər hiss etmirlər ki, quruma müraciət edən KİV işçisini, bir növ başdan etmək üçün doğru olmayan məlumatlar da verirlər. Bütün bunlar isə adı kifayət qədər humanist hisslər yaradan «Məktəb tikintisi Proqramı»nın səmərəsiz şəkildə həyata keçirildiyini deməyə əsas verir.

Göyçay Təhsil şöbəsinin müdürü Asif Nəbiyev də rayonda tikilən mktəblərin neçəyə başa gəldiyindən, avadanlığın neçə alındığından xəbərsiz olduğunu, Çaxırlıdakı əsas məktəb binaları barədə Təhsil Nazirliyinin verdiyi məlumatın isə həqiqətə uyğun olmadığını bildirdi: «Çaxırlıda yalnız 60 yerlik üç sinif otağı tikilib».

Şəhər 8 saylı məktəbin su problemi ilə bağlı məsələyə gəlincə, Asif müəllim onun həll olunduğunu bildirdi. Amma məktəb 2005-ci ildə təhvil verilib. Su probleminin həlli isə kifayət qədər gec həll olunur desək, yalnışlıq olmaz. Hələ ki. Həll olunub başa çatmayan bu problem problem olaraq qalır.

Sumqayıtın ən böyük məktəbi

Bu, şəhər 10 saylı məktəbdir ki, onun üçüq 2005-ci ildə 10 əlavə sinif otağı tikilərək istifadəyə verilib. İlk baxışdan səliqəli görünən sinif otaqlarının keyfiyyəti yəqin ki, bu il bilinəcək. Məktəbin direktoru Tahir Nəsibovla söhbətdən bəlli oldu ki, o, tikintidən razıdır: «Bizim məktəb Sumqayıtda ən böyük məktəbdi. Burada ötən il 1763 uşaq oxuyurdu. 33 köhnə sinif otağımız vardı, indi yeniləri ilə bu say 43-dür». Direktorun məktəbin kommunal xidmətlərinin də qaydasında olduğunu bildirdi. Biz məktəbə baxan zaman köhnə korpusda təmir işləri aparıldığından nisbətən səliqəsizlik vardı.

Tahir müəllim də məktəbin avadanlağını yuxarıda qeyd etdiyimiz qaydada alıb. Nəyin neçəyə olduğu barədə heç bir məlumatı yoxdur və yeni sinif otaqlarının dəyəri barədə də heç nə bilmir.

Sumqayıt şəhər təhsil idarəsinə üz tutduq. Qurumun rəhbəri Vidadi Bağırov yerində olmadığından müavini Vaqif Əkbərov və baş mütəxəssis Sübhi Məmmədovla söhbət etdik. Onlar da bizə məktəb direktorunun dediklərindən artıq heç bir yeni məlumat verə bilmədilər. Səbəbsə onudarın da məktəbin əlavə sinif otaqlarının neçəyə başa gəlməsi və avadanlıqların dəyəri barədə hər hansı məlumata malik olmadıqları idi. Hətta tikintinin kimin tərəfindən aparıldığı barədə də konkret məlumat əldə edə bilmədik.

Təhsil Hazirliyi hesabat verməlidir

Araşdırmalar nəticəsində əldə edilmiş faktlara diqqət yetirdikdə, belə qənaətə gəlmək olar ki, nazirliyin məsulları xərclənən vəsaitlərin dövlət büdcəsindən ayrıldığının məsuliyyətini tam və ya heç də həmişə dərk etmirlər. Qurum bilməlidir ki, ictimaiyyətin büdcədən xərclənmiş hər bir manatın hara getdiyini bilmək hüququ var və nazirlik şəxsi kommersiya obyekti deyil ki, maliyyə ilə bağlı məsələləri kommersiya sirri kimi qapaya. Bütün bu qapalılıqlar isə qurumda korrupsiya hallarının olduğunu deməyə əsas verə bilər. Belə deyilsə, buyurun, cənablar. Hər halda biz TN-dən verilən məulamatlar ilə araşdırma nəticəsində şahidi olduğumuz çatışmazlıqlar barədə qurumun mətbuat xidmətindən aydınlıq gətirilməsini xahiş etdik. Amma sorğularımızı qeyd edən xidmət əməkdaşı Afaq xanım aydınlıq gətirilib cavab veriləcəyini vəd etsə də, vədinə əməl etmədi. Bizim sonrakı zənglərimizə isə qurumun mətbuat xidmətindən cavab verən tapılmadı.

İşlərin nə dərəcədə səmərəli görülməsinə gəlincə, bütün müşahidələr və toplanmış materiallar onu deməyə əsas verir ki, məktəb tikintisində bir tələskənlik, xaos, hərc-mərclik hökm sürür. Bizim üç rayon və Sümqayıtda apardığımız araşdırmalar hələ cəmiyyətin gözündən uzaq düşmüş ucqarlar deyil. Görəsən, oralarda nə baş verir? Bu isə tamam ayrı söhbətin mövzusudur. Təhsil isə  insan taleyində ən önəmli rol oynayan çox əhəmiyyətli strateji sahədir və bu baxımdan özünə xüsusi diqqət və qayğı tələb edir.

Bu sahədə hərc-mərcliyin hökm sürməsi üçün əsas səbəblərindən biri və birincisi isə ictimai nəzarətin zəifliyidir. Belə ki, təhsillə bağlı aparılan çoxşaxəli işlərin hamısına nəzarət etmək təbii ki, bir jürnalistin, bir QHT-nin və hətta bütöv mətbuatın və QHT-lərin fiziki və maddi imkanları xaricindədir. Amma bu,  mümkün imkanlar daxilində bu işin yerinə yetirilməməsinə heç də əsas vermir. Təbii ki, mətbuat və vətəndaş cəmiyyəti Azərbaycan insanının təhsili ilə bağlı ciddi narahatlıq keçirməli və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində aktivlik göstərərək qərar qəbul edən orqanlara təsir göstərməlidir. Biz öz tərəfimizdən bu araşdırmanı daha da genişləndirəcək və mövcud faktların geniş ictimaiyyətin diqqətinə çatdırılmasına cəhd göstərəcəyik.

Şəhla Əbusəttar

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV