Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi İnternet resursu:kivdf.gov.az ünvanlı İnternet saytı Kütləvi İnformasiya Vasitələrinin həyata keçirdiyi bütün layihələr haqda ətraflı bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Saytda e-xidmətlərin olması təqdirəlayiq haldır. Ancaq bununla belə saytda çatışmayan bilgilər də çoxdur. Lakin nəzərə alsaq ki, sayt hələ hazırlıq ərəfəsindədir və saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər. Beləliklə, tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun aparat və struktur rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilməsi tövsiyələr sırasındadır.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) də təqdim edilsəydi, yaxşı olardı. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə isə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan bilgi qaynar xətt nömrəsinin olmamasıdır ki, bunun saytda əks etdirilməsi yaxşı olardı.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi saytda göstərilmir. Bu sahə də dolğunlaşdırılsaydı, yaxşı olardı.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda göstərilsin.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər saytda yarımçıq əksini tapır.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyyələr sırasındadır.
12. Daha bir tövsiyyə qurumun norma- (qanun) yaratma fəaliyyəti barədədir. Burada yaxşı olardı ki, qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkəyə birbaşa keçidin də əlavə edilməsi tövsiyələr sırasındadır.