Azərbaycan Respublikasının Prezidentinin:www.president.gov.az domen adlı Internet resursu məlumat bolluğu və zənginliyi ilə fərqlənir. Saytda üstün cəhətlərdən biri odur ki, Prezident.az saytının müraciətlər bölməsindən birbaşa respublika üzrə bütün mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, dövlətkomitələrinə, bank və idarələrə, ictimai təşkilatlara, fondlara, dövlət şirkəti və xidmətlərə, səhmdar cəmiyyətlərə, məhkəmə və hüquq-mühafizə orqanlarına, nəqliyyat təşkilatlarına, agentlikərə, Palatalara, Elmi idarə, mərkəz və şuraların saytlarına birbaşa keçid mövcuddur.
Ziyarətçilər həmin saytlardan həm dövlət orqanlarının saytları ilə tanış olmaq və həm də həmin qurumlara müraciət etmək imkanı əldə edə bilirlər. Saytda Azərbaycan Respublikasının tarixi, əhalisi, ərazisi, Konstitusiya, Dövlət Rəmzləri, bayramlar, Qarabağ, Qanlı Yaddaş, Əsrin Müqaviləsi, Böyük İpək Yolu bölmələri dolğundur və buradan ölkə ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Qurumun saytında interaktiv xəritə də fəaliyyət göstərir ki, həmin xəritənin üzərinə tıkladıqda birbaşa həmin rayonun icra hakimiyyətinin saytına keçid mümkündür.
Bundan başqa saytda bir çox bölmələr üzrə tam məlumat bolluğu ilə rastlaşdıq. Amma bununla bərabər, bəzi çatışmayan bilgilər də mövcuddur. Məsələn, qurumun marşrut və sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, büdcə məlumatları, qaynar xətt, işə qəbul norma və qaydaları, boş iş yerlərinin elanları, rəhbər işçilərin tarif stavkası, tender elanları haqda məlumat çatışmazlığı var. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla bilər.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da kifayət qədər məlumat təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi elanları da təqdim olunmayan məlumatlardandır.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı, əks əlaqə üçün onlayn forma və sosial şəbəkələrdə (tvitter, fasebook və s.) aktiv səhifələrinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir.