Sabah Apellyasiya Məhkəməsində Tarif Şurasına qarşı iş üzrə Səbail rayon məhkəməsinin qərardadından şikayətə baxacaq
Martın 13-də saat 16.00-da Apellyasiya Məhkəməsində İsmayıl Vəliyevin sədrliyi ilə Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyana zidd hesab edilməsi barədə şikayətin geri qaytarılması barədə Səbail rayon məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərardadından şikayətə baxılacaq. Bu barədə məlumatı iddiaçılardan biri – Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev verib.
Xatırladaq ki, bir qrup hüquqşünas və QHT təmsilçisi Tarif Şurasına qarşı Səbail rayon məhkəməsində 3 iddia qaldırıblar. İddiaçılar məhkəməyə ünvanladıqları şikayətdə Taarif Şurasının qərarlarının onların Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8 (özəl həyata müdaxilə), 10 (informasiya əldə etmək hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarını pozduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş ediblər.
Daha bir şikayət isə Tarif Şurasının qərarlarının Konstitusiyaya zidd olması ilə bağlı Konstitusiya Məhkəməsinə ünvanlanıb.
Məhkəmələrə müraciət edənlər arasında ölkənin tanınmış hüquqşünaslarından Ənnağı Hacıbəyli, Ələsgər Məmmədli, İsaxan Aşurov, Əlövsət Əliyev, Rəşid Hacılı, Əyyub Kərimov, Akif Əlizadə, Namizəd Səfərov, QHT liderlərindən Osman Gündüz, Novella Cəfəroğlu, Səadət Bənanyarlı, Aytəkin İmranlı və başqaları var.
Səbail rayon bütün ərizələri geri qaytarıb. Məhkəmənin hakimi bunu onunla əsaslandırıb ki, Tarif Şurası “müvafiq icra hakimiyyəti orqanı” olmadığı üçün onun qərarları məhkəmə icraatı qaydasında iddianın yolverilməzliyinə görə mübahisələndirilə bilməz.
İddiaçılar bu qərarı qanunsuz hesab etdikləri üçün ondan apellyasiya şikayəti verərək Səbail rayon məhkəməsinin qərardadını qanunsuz olduğu üçün ləğv edilməsini, şikayətin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, bilə-bilə qanunsuz qərar çıxardığına görə hakim İ.Ağayev barəsində xüsusi qərardad çıxarılmasını xahiş ediblər.
12.03.2007
Hüquq Maarifçiliyi Cəmiyyətinin
Mətbuat xidməti