Apellyasiya Məhkəməsi Tarif Şurasına qarşı bir şikayəti rədd etdi, o birisinə isə sabah baxacaq
Bu gün Apellyasiya Məhkəməsində İsmayıl Vəliyevin sədrliyi ilə Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarlarının Azərbaycan Respublikası Konstitusiyana zidd hesab edilməsi barədə şikayətin geri qaytarılması barədə Səbail rayon məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərardadından şikayət üzrə qərarı elan edilib. Bu barədə məlumatı iddiaçılardan biri – Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev verib.
Xatırladaq ki, ddiaçılar məhkəməyə ünvanladıqları şikayətdə Taarif Şurasının qərarlarının onların Konstitusiyanın 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8 (özəl həyata müdaxilə), 10 (informasiya əldə etmək hüququ) və 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə təminat verilən hüquqlarını pozduğu üçün qüvvədən düşmüş sayılmasını xahiş ediblər. Səbail rayon məhkəməsinin hakimi İ.Ağayev ərizəni geri qaytarıb. Məhkəmənin hakimi bunu onunla əsaslandırıb ki, Tarif Şurası “müvafiq icra hakimiyyəti orqanı” olmadığı üçün onun qərarları məhkəmə icraatı qaydasında iddianın yolverilməzliyinə görə mübahisələndirilə bilməz. İddiaçılar bu qərarı qanunsuz hesab etdikləri üçün ondan apellyasiya şikayəti verərək Səbail rayon məhkəməsinin qərardadını qanunsuz olduğu üçün ləğv edilməsini, şikayətin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını, bilə-bilə qanunsuz qərar çıxardığına görə hakim İ.Ağayev barəsində xüsusi qərardad çıxarılmasını xahiş ediblər.
Apellyasiya Məhkəməsi də hesab edib ki, “müvafiq icra hakimiyyəti olmadığı üçün” Tarif Şurasına qarşı iddianın yolverilməzliyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və buna görə də apellyasiya şikayətini rədd edib. İ.Əliyev bu qərarın açıq-aşkar qanunsuz olduğunu və onun sifarişlə çıxarıldığını və ondan kassasiya şikayəti verəcəklərin bildirib.
Hüquqşünasın verdiyi məlumata görə sabah – martın 15-də Apellyasiya Məhkəməsində hakim Əhməd Əhmədovun sədrliyi ilə saat 12-də Taarif Şurasına qarşı daha bir işə baxılacaq. Hüquqşünaslar və QHT liderləri yanvarın 24-də həmin quruma informasiya sorğusu ilə müraciət ediblər.
Həmin sorğuda 6 yanvar tarixli qərarlarla bağlı bir sıra sualların cavablandırılması və müvafiq sənədlərin təqdim edilməsi xahiş edilib. Tarif Şurası qarşısında qoyulan suallar: Qiymətlərin artırılması ilə Tarif Şurasının 05 yanvar 2007-ci il tarixli iclasının keçirilməsi haqqında qərar hansı qaydada qəbul edilib? Bu barədə Tarif Şurasına müraciətlər olunubmu, olunubsa, onlar haradan daxil olub? Tarif Şurasının iclasında kimlər iştirak edib və qərar hansı qaydada qəbul edilib? İclasa beynəlxalq maliyyə təşkilatlarının, yerli və xarici şirkətlərin, ictimai təşkilatların nümayəndələri, ekspert və mütəxəssislər dəvət olunubmu? Olunubsa onlar kimlərdir, hansı qurumları təmsil edirlər və hansı məzmunda rəy veriblər? İnformasiya əldə etmək haqqında Qanuna əsasən, yeni qiymətlər tətbiq edilmədən 30 gün əvvəl ictimaiyyətə bildirilməli və Tarif Şurasının rəsmi internet səhifəsində açıqlanmalı olduğu halda, qərarların onun internet saytında yerləşdirilməməsinin səbəbləri nə ilə bağlıdır? və s.
Sorğulara cavab verilməsi üçün qanunla nəzərdə tutulan müddət ötməsinə baxmayaraq, Tarif Şurası sorğuçulara cavab verməkdə özünü borclu saymayıb. İnformasiyanı vaxtında yaymamağa görə məhkəməyə verilən Tarif Şurası fevralın 6-da bu dəfə informasiyanı verməkdən imtinaya görə məhkəməyə çəkiblər. Məhkəmədən Tarif Şurasının üzərinə informasiya sorğusuna cavab verilməsi vəzifəsinin qoyulması xahiş olunub. Səbail rayon məhkəməsinin hakimi İ.Ağayev fevralın 12-də informasiya sorğusu ilə bağlı şikayəti geri qaytarıb. Hakim o biri işdə olduğu kimi bu qərardadını da belə əsaslandırıb ki, Tarif Şurası “müvafiq icra hakimiyyəti orqanları, yəni nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları sırasına aid olmadığından, təbii inhisara malik olan hüquqi şəxs olmadığından onun qərarları məhkəmə qaydasında mübahisələndirilə bilməz”.
14.03.2007
Hüquq Maarifçiliyi Cəmiyyətinin
Mətbuat xidməti