21.05.2007
Press Reliz
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin Məlumatı
2007-ci il mayın 18-də Londonda “İnternetdə süzgəc” (Global Internet Filtering Conference 2007) mövzusunda beynəlxalq Konfrans keçirilib. Konfrans Qlobal Şəbəkədə senzura və süzgəc məsələlərini araşdırmaqla məşğul olan nüfuzlu beynəlxalq qurum – Açıq Şəbəkə Təşəbbüsləri ( “OpenNet İnitiative”) tərəfindən təşkil edilib.
Müxtəlif ölkələrnin dövlət, özəl və vətəndaş cəmiyyəti sektorlarının, tanınmış beynəlxalq ictimai qurumların təmsilçiliyi ilə keçirilən Konfransda Azərbaycan tərəfindən, bu tədbirə rəsmi dəvət almış Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz iştirak edib.
Konfransda əsasən İnternetdə müxtəlif məhdudiyyətlər və onların cəmiyyətin inkişafına təsiri, İnternetdə süzgəc prosesinin texnoloji və informasiya yönümü ətrafında, dövlət, özəl və vətəndaş cəmiyyəti subyektlərinin bu proseslərdəki məsuliyyəti və rolu ətrafında müzakirələr aparılıb. Beynəlxalq normaların və informasiya azadlığının pozulmasına yönəlmiş süzgəc prosesinin qarşısını alınması istiqamətində irəli sürülən təşəbbüslər müzakirə obyektinə çevrilib.
Multimedia Mərkəzi təəssüflə bildirir ki, Konfransın təşkilatçıları tərəfindən təqdim olunan illik hesabat-analizdə “siyasi süzgəci” gerçəkləşdirən ölkələr sırasında Azərbaycanın da adı yer alıb. Bu siyahıda özünə yer alan əksər ölkələrin hökumətləri tərəfindən rəsmi olaraq açıq formada İnternetdə senzura tətbiq edildiyi məlum olduğu halda əslində belə bir tendensiyanın müşahidə olunmadığı Azərbaycanın da adının burada qeyd olunması ədalətsizlik kimi dəyərləndirilməlidir. Ciddi müxalif qurumların internet resurslarının normal fəaliyyəti fonunda son dövrlərdə məmur özbaşınalığı səviyyəsində qeyri-qanuni olaraq bir neçə internet resursa girişin qapadılmasının bu cür sonuclanması təbii ki Azərbaycana qarşı münasibətin bir qədər sərt olmasının göstəricisidir. Yanaşmanın bu cür olması haqqında fikir Konfrans təşkilatçılarının diqqətinə çatdırılıb.
Bununla belə Multimedia Mərkəzi bir daha bildirir ki, ciddi hüquqi-siyasi əsaslar olmadan Azərbaycanın beynəlxalq imicinə zərbə vuran məmur özbaşınalığının qarşının alınması istiqamətində real addımlar atılmalıdır. Uzun müddətdən bəri davam edən Azərbaycan İnternetindəki inhisarçılıq ləğv edilməlidir. Məhkəmənin qərarı olmadan məmurlar və birgə müəssisə formasında fəaliyyət göstərən şirkətlər tərəfindən internet resurslara girişin qapadılmasına yol verilməməlidir. Bu cür hərəkətlərə yol verənlər cəzalandırılmalıdır. Bu cür hallara qarşı cəzasızlıq mühiti sonda hökumətin özünün bu istiqamətdəki normal fəaliyyətinin şübhə altına alınmasına əsaslar verir.
Konfransda İnternetdə senzura və sosial-siyasi süzgəc proseslərinin qarşısının alınması sahəsində beynəlxalq ictimaiyyət tərəfindən ciddi addımlar atılmasının vacibliyi vurğulanıb.
Multimedia Mərkəzi
492-44-44
www.cit.az