Azərbaycan Respublikası Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil www.ombudsman.gov.az. ünvanlı İnternet saytı iki dildə: Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur. Bəzi bölmələrdə məlumatlar bol olsa da, bir sıra bölmələr üzrə məlumatların olmaması o dəqiqə nəzəri cəlb edir. Ombudsmanın özü haqda geniş məlumatlar verilməsinə baxmayaraq, struktur, aparat və digər rəhbər işçilər barədə heç bir məlumat saytda öz əksini tapmayıb. Bundan başqa, saytda regional bölmələrin ünvanları, rəhbərləri və onlarla əlaqə vasitələri göstərilməyib. Qurumun rəhbərinin görüşləri, respublikada insan hüquqlarının qorunması sahəsində gördüyü işlər, uşaqların, qadınların, ahılların, məhbusların, hərbçilərin müraciəti əsasında aparılan araşdırmalar və görülən tədbirlər saytda geniş şəkildə təqdim edilir. Saytda iki qaynar xətt ön səhifədə verilmişdir ki, bu da vacib sayılan amillərdəndir. Amma saytda boş iş elanları bölümünü tapmaq bir elə də asan sayılmır. Həmçinin, vakansiyalar haqqında elanlar köhnə tarixdədir. Qurumun 4 regional şöbəsi olsa da, bu şöbələrin ünvanları, rəhbərləri və onlarla əlaqə vasitələri göstərilməyib.
Bundan başqa, vətəndaşların qəbul günləri ilə bağlı da məlumat natamam verilmişdir. Sosial şəbəkələrdə səhifəsinin və abunə imkanının yoxluğu çatışmayan cəhətlərdəndir. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız rəhbər haqqında bilgi verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqqında bilgi verilir. Ancaq quruma getmək üçün marşrut və müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə natamam bilgi təqdim edilir. Struktur rəhbərləri, regional mərkəzlərin rəhbərləri, ünvanları və əlaqə vasitələri haqda isə məlumata rast gəlinmir.
4. Rəhbər işçilər, onlara əks əlaqə zəif təqdim olunur, rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumatlar təqdim edilmişdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Saytda iki qaynar xəttin olması müsbət hal kimi dəyərləndirilir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər natamam təqdim edilir.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri haqqında olan bölmədə yalnız qəbul günləri və saatları göstərilib. Qəbulun kimin tərəfindən aparılacağı haqda isə heç bir bilgi təqdim edilmir.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlı olan məlumatlardır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə saytda məlumata rast gəlinmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə məlumatlar yerləşdirilmişdir. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) göstərilsə də, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqda heç bir məlumat yoxdur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı və sosial şəbəkələrdə səhifələri çatışmır ki, bu da vətəndaşlarla işin qurulmasına öz təsirini göstərir.