Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti www.balaken-ih.gov.az İnternet resursu ilkin görünüş olaraq normal görünsə də, bir sıra bölmələr üzrə bilgi kasadlığı ilə diqqət çəkir. Bəzi olması vacib bölmələrin olmaması (electron müraciət) təqdim edilməsi, gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Amma saytda Qaynar xətt, Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planı, Korrupsiyaya dair mübarizəyə dair bölmələrinin olunmasını müsbət hal kimi qiymətləndirmək olar.
Beləliklə, Balakən Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir;
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar olsa da, onlarla əlaqə nömrələri göstərilmir, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Amma qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yoxdur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər verilir. Saytda QAYNAR XƏTT 222 bölməsinin olması da təqdirəlayiqdir. Lakin burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında heç bir bilgi saytda yer almamışdır.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.