Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az domen adlı İnternet resursu ilkin görünüş olaraq normal görünsə də, bir sıra bölmələr üzrə bilgi kasadlığı, əvvəlki illərlə müqayisədə demək olar ki, gözəçarpacaq dərəcədə dəyişikliyin edilməməsi ilə diqqət çəkir. Bəzi bölmələrin (elektron müraciət, etik müvəkkilin iş planı) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır.
Beləliklə, Biləsuvar Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqındakı bilgilər kifayət qədərdir, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri barədə isə heç bir məlumat verilmir
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları saytda əks etdirilir. Ancaq quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar təqdim edilir. Burada çatışmayan sturuktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün telefon nömrələri, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatlardır.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında qısaca da olsa bilgilər təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Amma qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlinmir.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı isə qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə heç bir məlumatlara saytda rast gəlinmir.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilir. Ancaq nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər isə saytda yer almayıb.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.