AQO QRUPU JURNALİSTLƏR , QHT rəhbərləri və HÜQUQ MÜDAFİƏÇİLƏRİ İLƏ GÖRÜŞÜB
2007-07-05 – 20:46:00
Söz və mətbuat azadlığının pozulması Avropa Şurasının Aqo qrupu üzvlərinin Azərbaycanın bir qrup jurnalist təşkilatı və KİV rəhbəri ilə bu gün keçirdiyi görüşdə diqqət mərkəzində olub.
«Turan»ın məlumatına görə, görüş zamanı ANS telekanalının rəhbərləri qonaqlara kanalın və ANS şirkətlər qrupuna daxil olan qurumların problemləri barədə məlumat veriblər. Görüşdə sonsuz vergi yoxlamalarından və kanal əməkdaşlarının digər problemlərindən söz açılıb.
Multimediya İnformasiya Sistemləri və Texnologiyları Mərkəzinin sədri Osman Gündüz «Azersat» dövlət provayderinin interneti nəzarət altında saxladığı barədə məlumat verib. O.Gündüz bildirib ki, bütün 43 özəl provayder internetə bu şirkət vasitəsilə çıxır və ondan asılıdır.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov jurnalistlərin həbsi və təqibi, müxalif KİV-lərin və jurnalistlərin məhkəmə cərimələrinə məruz qalmaları haqda məlumat verib.
Media Hüquqlarını Müdafiə İnstitunun direktoru Rəşid Hacılı çap KİV-in ictimai fikirə təsirinin azaldığını və tele və radio yayım sahəsində inhisarlaşmanın olduğunu qeyd edib.
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çap KİV-nin iqtisadi problemlərinə toxunub.
Aqo qrupunun üzvləri «Realnıy Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayevin işi və siyasi sığınacaq istəmiş redaksiya əməkdaşlarının taleyi ilə maraqlanıblar.
Nümayəndə heyətində Per Şeqren (Per Syogren), Aleksandr Alekseev (Rusiya), Eberhard Kolş (Eberhard Kosch, Almaniya), Stelian Stonian (Stelian Stonian, Rumıniya) təmsil olunur.