Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az ünvanlı İnternet saytı icmal hissədə də qeyd etdiyimiz kimi, xeyli təkmilləşdirilib. Qurumun tarixi, rəhbəri, onun müavinləri haqda bioqrafik məlumat verilir, aparat, kollegiya və struktur rəhbərləri haqda da məlmatlar təqdim olunur. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza -əsasnamə və təlimatlar da saytda mövcuddur. Qurumun strukturu, struktur rəhbərlərinin əlaqə vasitələri, onlayn əlaqəsi, qaynar xətti, ünvanı, boş iş yerlərinin elanları, vətəndaşların qəbul qaydaları haqda məlumatlar saytda öz əksini tapır. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat haqqında, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, rəhbər işçilərin tarif stavkası, tender elanları, tender və hərrac yarışmalarının keçirilmə qaydaları, nəticələri, qurumun sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Qaynar xətt təqdim edilir, lakin saytın ön hissəsində qoyulmamışdır.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbəri, kollegiya, ünvanı, fəaliyyətini həyata keçirmək üçün qanunverici baza- əsasnamə və təlimatlar saytda təqdim edilmişdir. Buna görə də əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat haqqında bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
3. Qurumun strukturu ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında təqdim edilmiş bilgilər yetərli sayıldığından əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə vasitələri, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanları da təqdim edilmişdir. Buna görə də əlavə tövsiyyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar da saytda öz əksini tapır. Burada yalnız mətbuat üçün açıqlamaların tezliyinin nəzarətdə saxlanılması tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər haqqında informasiyalar təqdim edilir. Qaynar xəttin mövcudluğu, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edilir. Burada tövsiyə yalnız Qaynar Xəttin saytın ön hissəsində yerləşdirilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə ətraflı bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunur. Buna görə əlavə tövsiyəyə gərək duyulmur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə gərəkli bilgilər əks etdirildiyindən əlavə tövsiyə söylənilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə, tender və yarışmaların keçirilməsi qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri öz əksini tapmışdır. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Burada abunə imkanı da olsaydı, yaxşı olardı. Əks əlaqə üçün onlayn forma olsa da, qurumun sosial şəbəkələrdə səhifəsinin olmaması diqqətdən qaçmır. Yaxşı olardı ki, bu çatışmazlıqlar da aradan qaldırılsın.