Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı haqda onu bildirək ki, monitorinqdə də qeyd etdiyimiz kimi, sayt özəlliklə də ermənilər tərəfindən işğalda olan ərazilər haqda çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqam video-süjetlərin təqdim olunmasıdır ki, bu da saytın dolğunlaşmasına xidmət edir. Ancaq bununla belə saytda çatışmayan bilgilər də çoxdur. Məsələn, nazirliyin əlaqə telefonunu tapmaq o qədər də asan deyil. Cəmi bircə əlaqə nömrəsi mövcuddur ki, bu da qəbul günləri bölümündə əks olunub. Halbuki, əlaqə bölümündə qoyulmalı idi. Bundan başqa, qurumun rəhbər və müavinindən başqa, struktur, aparat, digər bölmələrin rəhbərləri haqda bioqrafik məlumatlar, onlarla əlaqə vasitələri təqdim edilmir. Həmçinin, qurumun qaynar xətti, çağrı mərkəzi də yoxdur. Nazirliyin saytında vakant yerlər, işə qəbul qaydaları, tender və yarışmaların elanları, tenderlərin keçirilmə qaydaları, abunə imkanı, alt qurumların əlaqə vasitələri, büdcə məlumatları, sahə işçilərinin tarif stavkası kimi bilgilər öz əksini tapmır.
Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyələrimizi təqdim etməyə dəyər.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum haqqında təqdim edilmiş bilgilər sırasına qurumun öncəki rəhbərləri haqqında və kollegiya haqqında informasiyaların da əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, quruma getmək üçün ictimai nəqliyyat haqqında bilgilərin saytda təqdim edilməsi qurumla əlaqə saxlamaq üçün telefon nömrəsinin əlaqə bölümündə yerləşdirilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanlarının da saytda əks etdirilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında olan bilgilər yetərli sayıldığından əlavə bir töpvsiyəyə ehtiyac duyulmur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər təqdim edilir. Burada çatışmayan qaynar xətt, abunə imkanları və axtarış sistemidir ki, bunların da saytda əks etdirilməsi tövsiyələr sırasındadır.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin də saytda yer alamsı tövsiyə edilir.
9. Növbəti tövsiyə sahə işçilərinin əmək haqları barədə olan bilgilərin saytda yerləşdirilməsi ilə bağlıdır.
10. Dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim edilsə də, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi lazımlıdır.
11. Daha bir tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığı üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Bura abunə imkanının və axtarış sisteminin də əlavə olunması tövsiyə olunur.