Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı, bir sıra bölmələr üzrə bilgilər verməyə çalışır. Saytda Azərbaycan Respublikasının Müdafiə sektorunun tarixi haqda məlumatlar, özəlliklə də saytın “Yaddaş” bölməsində Azərbaycanın işğal altında olan İrəvan və Dağlıq Qarabağın tarixi, həmçinin faciələrimiz – 20 yanvar, Xocalı, 31 mart soyqırımlarına aid geniş məlumatların əksini tapması təqdirəlayiq haldır. Azərbaycanın müdafiə sahəsindəki hərbi doktirnalar, qanunlar da burada öz əksini tapıb. Bundan başqa, saytda Azərbaycan ordusuna, Azərbaycan şahinlərinə, C.Naxçıvanski adın Hərbi Litseyə aid videosüjetlərin yer alması hazırlanan saytın güclü olaraq ərsəyə gələcəyindən xəbər verir. Saytın istifadəsi rahatdır. Bütün bunlarla bərabər saytda hələ xeyli bilginin çatışmadığı da gözdən qaçmır. Məsələn, nazirliyin əlaqə telefonunu tapmaq o qədər də asan deyil. Cəmi bircə əlaqə nömrəsi mövcuddur ki, bu da qəbul günləri bölümündə əks olunub. Halbuki, əlaqə bölümündə qoyulmalı idi. Bundan başqa, qurumun rəhbər və müavinindən başqa, struktur, aparat, digər bölmələrin rəhbərləri haqda bioqrafik məlumatlar, onlarla əlaqə vasitələri təqdim edilmir. Həmçinin, qurumun qaynar xətti, çağrı mərkəzi də yoxdur. Nazirliyin saytında vakant yerlər, işə qəbul qaydaları, tender və yarışmaların elanları, tenderlərin keçirilmə qaydaları, abunə imkanı, alt qurumların əlaqə vasitələri, büdcə məlumatları, sahə işçilərinin tarif stavkası kimi bilgilər öz əksini tapmır. Lakin hesab etmək olar ki, hələ sayt üzərində iş gedir.
Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza – nizamnamə və əsasnamə haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər və onun müavini haqqında bilgi verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, marşrut sxemi və e-poçt göstərilsə də, quruma getmək üçün ictimai nəqliyyat haqqında heç bir məlumat əks olunmur. Həmçinin, ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqda bilgi təqdim olunmur. Qurumla əlaqə saxlamaq üçün telefon nömrəsi əlaqə bölümündə deyil, vətəndaşları qəbul bölümündə yer alıb.
3. Qurumun strukturu, struktur bölmələrin rəhbərləri, onlarla əlaqə saxlamaq üçün imkanlar barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.
4. Rəhbər işçilər, onlara əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin birinci müavinindən başqa, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumatlar təqdim edilib. Mətbuat üçün açıqlamalar və onların yenilənmə tezliyi də yetərli səviyyədədir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumat təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.
9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlara rast gəlinir.
11. Daha bir əks etdirilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında da heç bir məlumat göstərilmir.
12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı, axtarış sistemi, qaynar xətti yoxdur. Sosial şəbəkələrdən fasebook-da aktiv səhifəsi mövcuddur.