Azərbaycan Respublikasının Mərkəzi Bankının www.cbar.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu ilə diqqəti cəlb edir. Məsələn, qurumun tarixi haqda hazırlanmış materialda məlumatlar geniş verilmişdir. Bankın strukturu, fəaliyyət istiqamətləri, bankın təsisçisi, baş direktoru, aparat haqqında ətraflı bioqrafik məlumatlar mövcuddur. Saytda qaynar xəttin, e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Saytın xəritəsində bankın strukturu , tabe qurumların ayrı-ayrılıqda rəhbərləri, onlarla əlaqə vasitələri və qurumların fəaliyyətini əks etdirən videosüjetlər hazırlanmışdır ki, bu da saytı zənginləşdirir. Regional mərkəzlər haqda bilgi verilir. Məsələn, regional mərkəzlərin yerləşdiyi ünvan, rəhbərliklə əlaqə haqda məlumatlar təqdim olunur. Bank işi ilə bağlı məlumat bolluğu, hətta terminlər lüğətinin verilməsi saytı zənginləşdirən cəhətlərdəndir.
Bəzi sahələr üzrə bilgilərin verilməməsini nəzərə almasaq, ümumilikdə sayt əla təsir bağışlayır. Barəsində məlumat verilməyən sahələr isə bunlardır: qurumun büdcəsi, sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi göstərilmir. Tender və hərraclar haqqında məlumatlar olsa da, quruma getmək üçün nəqliyyat vasitələri, marşrutlar haqda məlumatın olmaması çatışmayan cəhətdir.
Beləliklə, saytda nələri görürük:
1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar ilə bağlı təqdim edilmiş məlumatlar qaneedici sayılır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da yetərincə məlumarlar var.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası geniş şəkildə təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi tez-tez yenilənir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da bilgi verilir. Həmçinin, qurumdaxili əmrlər və qərarlar öz əksini tapmışdır.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Həmçinin büdcədənkənar daxilolmalar haqqında da məlumata rast gəlinmir.
7. Bankın təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə də bilgilər saytda əks etdirilir.
9. Təəssüfləndirici hal olsa da, bu cür dolğun saytda sahə işçilərinin əmək haqları barədə heç bir bilgilərə rast gəlinmir.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim olunsa da, qurumun regional şöbələrində rəhbər işçilərin vətəndaşları qəbul vaxtı ayrı-ayrılıqda göstərilmişdir. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri öz əksini tapsa da, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə heç bir məlumat təqdim edilmir.
12. Qurumun cari norma (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Bütün mümkün normativ aktların layihələri haqda bilgi də saytda mövcuddur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Qurumun saytında abunə imkanı və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud olsa da, bu səhifələri aktiv saymaq olmaz.