Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin www.mdi.gov.az ünvanlı İnternet saytı bir sıra bölmələr üzrə dolğun məlumat verir. Qurumun tarixi, rəhbəri, strukturu və kollegiya, alt qurum və tabe təşkilatları barədə məlumatlar təqdim olunur. Lakin alt qurumların heş birinin saytı mövcud deyil. Nazirliyin e-xidmətlər bölümü ayrıca təqdim edilir, onlayn yazışma forması, e-poçt-lar, bütün alt qurumların e-poçtları, telefon, faks, qaynar xətt, etik davranış qaydaları, vətəndaşların qəbul günləri, rəhbərliyin bioqrafiyaları təqdim edilən bilgilərdəndir. Həmçinin, mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından intensivlik diqqətdən qaçmır. Lakin saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun büdcəsi, tender və yarışmaların nəticələri, quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat, abunə imkanı təqdim edilməyən bilgilər sırasındadır. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcuddur.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, rəhbərləri haqqında məlumatlar və kollegiya barədə bilgi verilir. Həmçinin, nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə də yetərincə təqdim edilib.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Burada yalnız qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir.
4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri və alt qurumların rəhbərləri ilə əks əlaqə imkanları da mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Həmçinin, mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından da intensivlik diqqətimizdən yayınmadı.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqqında məlumatlara da rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xətt də saytın ön səhifəsində yerləşir.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, dövlət qurumunun işə qəbul qaydaları, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi yoxdur. İşə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə də rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar barədə təqdim edilən bilgi tender elanları və elanların arxivi ilə bağlıdır. Digər bilgilər – tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında məlumatlar təqdim edilir. Bütün mümkün normativ aktların layihələri də saytda əks olunmuşdur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı və internet qaydalarına uyğunluğu da yaxşı səviyyədədir. Bundan başqa, sosial şəbəkələrdə aktiv səhifəsi də mövcuddur. Burada çatışmayan abunə imkanının yoxluğudur.