Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az ünvanlı İnternet saytı qismən məlumat verməklə yaxşı göstərici təqdim edir. Qurumun tarixi, keçmiş rəhbərləri haqda ətraflı məlumat təqdim edilir. Sabiq rəhbərlərin hər biri haqqında ayrı-ayrı bilgilərin göstərilməsi qurumu digər qurumlardan fərqləndirir. Qurumun ünvanı göstərilsə də, ünvana gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat növü göstərilməyib. Qurumun rəhbəri haqda məlumata rast gəlinsə də, aparat, rəhbərin müavinlərinin və digər rəhbər işçilərin bioqrafik bilgiləri təqdim edilmir. Saytın onlayn yazışma forması da təqdim edilmişdir. Qurumun etimad xətt telefonu fəaliyyət göstərir. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından da aktivlik var. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun rəhbəri haqda bioqrafik məlumat verilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda məlmatlar yoxdur. Quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat növü, qurumun büdcəsi, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası, etik davranış qaydaları, tender elanları, axtarış sistemi, işə qəbul qaydaları, işə qəbul haqqında elanlar, qurumdaxili əmrlər, regional struktur, şəhər və rayon şöbələri ilə əlaqə vasitələri, şöbələrin rəhbərləri haqqında heç bir məlumat təqdim edilmir. Həmçinin, saytın axtarış sistemi və abunə imkanlarına rast gəlmədik.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik
1. Qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və nizamnamə haqqında bilgi verilir. Qurumun rəhbərləri və kollegiya haqda məlumat saytda öz əksini tapmışdır. Qurumun qapalı güc strukturu olduğunu nəzərə alaraq verilən məlumatı qaneedici hesab edirik. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş ümumi imkanlarla yanaşı qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilərlə yanaşı aparat, qurumun regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri barədə də məlumatların sayta daxil edilməsi tövsiyə edilir.
4. Rəhbər işçilər və onlarla əks əlaqə baxımından isə əsas rəhbərinin müavinlərinin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Bna görə də əlavə heç bir tövsiyəyə gərək yoxdur.
6. Növbəti tövsiyə ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası və büdcədənkənar daxilolmalar haqda bilgilərin saytda yerləşdirilməsi ilə bağlıdır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgilər saytda mövcud olduğundan tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatların da saytda əks etdirilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmuşdur. Burada tövsiyə yalnız dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin təqdim edilməsi ilə bağlıdır.
11. Daha bir tövsitə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə informasiyaların saytda yerləşdirilməsi ilə bağlıdır.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları sırasına abunə və axtarış imkanlarının da əlavə olunması tövsiyələr sırasındadır.