Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az ünvanlı İnternet saytı olduqca dolğun bilgi təqdim edir. Saytda ayrıca e-xidmətlər bölümü kifayət qədər zəngin təəssürat yaradır. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Saytın tarixi, rəhbərliyi haqqında məlumatlar, qurumla əlaqə vasitələri, onlayn müraciət forması, vakansiyalar haqqında məlumatlar, vətəndaşların qəbulu qaydaları, sosial şəbəkələrdən twitter, fasebook-da aktiv səhifələrinin mövcudluğu, tender elanları, struktur rəhbərləri ilə əlaqə vasitələri mövcuddur. Hətta saytda vətəndaşların qəbulunun videogörüntüləri yer alıb ki, bu da təqdirəlayiq hal sayılır. Qurumun saytında ayrıca xəritə mövcuddur ki, xəritədə hər hansı regionun üzərinə tıklamaqla ƏƏSMN-nin həmin regiondakı bölmələrinin ünvanı, əlaqə telefonları və rəhbərliyi haqda məlumat əldə etmək mümkündür. Quruma tabe olan müəssisələrdən Əlillərin Bərpa Mərkəzlərinin regional bölmələrinin rəhbərliyi və onlarla əlaqə vasitələri haqda da məlumat göstərilir. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun sahə işçilərinin tarif stavkası haqqında ayrıntılı bilgi verilmişdir.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
- Qurumun tarixi, rəhbərləri haqda məlumatlar, nazirliyin qanunvericilik bazasını təşkil edən əsasnamə və nizamnamə haqda ətraflı bilgi təqdim edilib. Bu sahədə informasiyalar yetərli sayıla biləcək qədərdir.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar, onlayn müraciət imkanları, quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat haqqında da ətraflı bilgilər daxil edilmişdir.
- Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri, qurumun aparatı, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatlar təqdim edilir.
- Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, onlayn əlaqə forması təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilər təqdim edilir.
- Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi demək olar ki, hər gün yenilənir. Qurumdaxili əmr və qərarlar haqqında da ətraflı məlumatlar qeyd edilir.
- Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.
- Qurum tərəfindən təklif edilən xidmətlər barədə qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
- İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə də bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də bilgilərə rast gəlinir.
- Sahə işçilərinin əmək haqları barədə ayrıntılı bilgilər təqdim edilir.
- Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər geniş şəkildə əks etdirilir.
- tender və yarışmaların keçirilmə qaydaları və elanları, tender və yarışmaların keçirilməsinin nəticələri təqdim edilmişdir.
- Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da ətraflı məlumatlar var.
- Qurumun saytının texniki imkanları yaxşı dəyərləndirilir. Saytın domen rahatlığı, abunə imkanı və sosial şəbəkələrdən facebook, tvitter və youtube portalında səhifələri mövcuddur.